XƏBƏR AXIŞI

" Əgər biz varıqsa, bu ölkə varsa, Heydər Əliyev də olacaq" - Fərhad Hacıyev

  • 174 nəfər oxuyub
Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.

7news.Az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Milli Məclisin deputatı, Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkilləri, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında deyib ki, əgər 15 iyun 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsəydi, Azərbaycanı 1920-ci il 28 aprel fəlakətindən daha böyük fəlakət gözləyirdi: "Əgər 1920-ci ildə biz Zəngəzuru, Göyçəni itirdiksə, bu dəfə bütün Azərbaycanı itirəcəkdik. Vətəndaş müharibəsi, xaos, separatizm və siyasi böhranla qarşılaşan Azərbaycan xalqı yeganə çıxış yolunu məhz böyük vətənpərvər, siyasətçi, xalqını, millətini sevən Heydər Əliyevdə gördü. Müasir müstəqil Azərbaycan Heydər Əliyevin siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Heydər Əliyevin irsi daim yaşayacaq. Əgər biz varıqsa, bu ölkə varsa, Heydər Əliyev də olacaq”.

Gənclər və idman naziri Azad Rəhimov Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib: "Azərbaycan idman sahəsində böyük uğurlar qazanıb, medallarımızın sayı hər il artır. Azərbaycanda keçirilən Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının təşkilat komitələrinə birinci vitse-prezident Mehriban Əliyeva rəhbərlik edib, bu mötəbər idman yarışları uğurla keçirilib. Ölkədə gənclər siyasəti uğurla davam etməkdədir. Hər il bu istiqamətdə yüzlərlə layihə həyata keçirilir. Ölkədə 300-dən artıq gənclər təşkilatları fəaliyyət göstərir. Gənclər Fondunun bu istiqamətdə fəallığını vurğulamaq istərdim. Uğurlarımızın əsası Mili Qurtuluş Günü ilə qoyulub və gənclərimiz bunu bilməlidirlər”.

Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib ki, Heydər Əliyev tərəfindən gənclərə diqqət və qayğı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov 1990-cı illərdə Azərbaycanda xaos hökm sürdüyünü xatırladıb: "Azərbaycan parçalanmaq, yox olmaq ərəfəsində idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan bu təhlükələrdən xilas oldu. Heydər Əliyev 1993-cü ildən 2003-cü ilə qədər gənclərlə 43 dəfə görüşüb, 20-yə qədər sərəncam, fərman imzalanıb. Bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heç bir ölkədə Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yoxdur. Bu, gənclər siyasətinə diqqətin təzahürüdür".

Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov gənclər siyasəti sahəsində görülən işlərdən bəhs edib: "Bu gün Azərbaycanda idman sahəsində görülən işlər heç bir ölkədə həyata keçirilmir. Bu, Azərbaycanın inkişafı və uğurları ilə bağlıdır".

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, Azərbaycanın gələcəyi uğurlu əllərdədir.

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov Heydər Əliyevin ideya və əməllərinin yaşadığı Azərbaycanın müstəqilliyinin dönməz olduğunu vurğulayıb.
 
 
7news.Az