XƏBƏR AXIŞI

Heminquey yaxşı ki, azərbaycanlı olmayıb

  • 120 nəfər oxuyub

Mübariz Azərbaycanlı, 
müstəqil jurnalist

 

"Köşə"çi olmasam da, amma hərdən haqsızlıq məni elə özü boyda bir köşəyə sığınmağa vadar edir. Yazının adına da fikir verməyin, burada söhbət məşhur "Qoca və dəniz" romanının müəllifi Nobel mükafatı laueratı, dünya şöhrətli amerikalı yazıçı, jurnalist Ernest Heminqueydən getməyəcək. Bizim öz Heminqueyimiz, öz dənizimiz, öz balıqçımız və öz bədheybət dəniz heyvanlarımız var. Sadəcə istərdim Azərbaycan Yazıçılar Birliyinin cənabları axşam evə gələndə vaxt tapıb bu yazını bir görsünlər.

 

Bir neçə gün əvvəl ad günümü sosial şəbəkədə ilk təbrik edən və öz "Dəniz köçü" povestinin linkini mənə hədiyyə kimi göndərən - nasir, dramaturq, esseist, filosof Firuz Mustafaya öz təşəkkürümü bildirirəm.

 

Müasir dövrdə "heç kim, heça kimin kitabın oxumur" deyimi, əlbəttə ki, hər bir mənada hamımıza məlumdur. Amma mən, bu povesti sözün əsl mənasında oxudum. Özü də lap bir nəfəsə.

 

Ədəbi tənqidçi olmadığıma görə əsər barədə ətraflı olaraq nə isə demək fikrində deyiləm. Buna az-maz qabiliyyətim çatsa da amma burada susuram. Çünki mənim deyəcək sözüm başqa, daha doğrusu bədii əsərlərdən daha yaxşı başı çıxan "başqanlara" olacaq. Bircə onu deyim ki, insan təfəkkürünün "susuzluqdan" dil-dodağı quruduğu bir zamanda "Dəniz köçü" təfəkkürə elə dəniz qədər su səpən həm bədii, həm də orjinal ifadələrlə dop-doludur. Məncə, müəllifin - "Şəhlanın zülmət gecə kimi qapqara saçları gündüz kimi ağ sifətinə tökülmüşdü" bənzətməsini, əbədi küsülülərtək heç vaxt bir araya gələ bilməyən gecə və gündüzü, Şəhlanın simasında bundan yaxşı və rahat heç kəs barışdıra bilməzdi. Bu kimi maraqlı bədii ifadələrə "Dəniz köçü" ilə birlikdə "üzəndə" daha çox rast gəlmək olur. "Dəniz köçü"ndə yalnız müəllifin Tuqayın etibarlı dostu olan Qayut adlı itə bir-iki yerdə "köpək" deyə xitabı ilə razılaşa bilmədim. Doğrudur, "it yurda yurddaşdır" deməyimizə baxmayaq, amma bizim anlamda necə olmasa "köpək" sözü təhqiramiz söz kimi səslənir. Üstəlik əgər "köpək"dən sonra ya "oğlu", ya da "qızı" desək, bu lap dəhşət olur. Nə isə, qoy bunu ədəbi tənqidçilər çözələsin.

 

Mən, bununla povesti həqiqətən də diqqətlə oxuduğumu kimlərinsə qarşısında təsdiq etmək fikrində deyiləm. Sakit okean sularında 8 bal gücündə fırtınadan çıxmış keçmiş hərbi-dənizçi kimi "Dəniz köçü"nü nəinki oxudum, hətta əsər boyu Tuqayla birlikdə həyacan içində yaşadım.

 

Amma maraqlıdır, heç kim, heç kimin kitabını oxumadığı zamanda bəs görəsən başda yazıçı Anar olmaqla AYB-nin söz sərrəfları heç olmasa bir-birilərinin kitablarını oxuyurlarmı? Yoxsa, buna səbrü-qərarları çatmır?

 

Cəmi 62 il ömür sürmüş Heminqueyin biblioqrafiyasına baxanda onun 20 romanı, 11 sənədli əsəri və 16 ekran əsərini görürük. Bu zəhmətinin qarşısında o, Pulutser, Bürünc ulduz və Nobel mükafatı ilə təltif olunub.

 

Ömrünün 65-ci yayını yaşayan Firuz Mustafa isə indiyədək 6 elmi, 28 bədii əsərin, 8 rus, 2 ingilis dilində, 2 tərcüмə, 1 tərtib etdiyi kitabların, 32 tаmаşаyа qоyulmuş pyеsin, 2 xarici ölkələrdə tаmаşаyа qоyulmuş pyеs və hələ 17 tamaşaya qoyulmamış dramın müəllifi, eləcə də onun özünə 4 kitab həsr olunsa da, Heminqueydən fərqli olaraq bütün bu zəhmətin müqabilində o, vur-tut Humay, Cəfər Cаbbаrlı, Bеynəlхаlq Аvrаsiyа Fоndunun və Tеаtr Хаdimləri İttifаqının müкаfаtları təltif olunub.

 

Heç kimə sirr deyil ki, indi hansı özü öz yazdığını oxuyan "şairin", "yazıçının", rekert jurnalistin biblioqrafiyasına baxsan orda yüz adda mükafat görmək olar. Əlbəttə ki, mən bu yazıda Firuz Mustafa üçün mükafat almaq davasına çıxmamışam, sadəcə layiq olan insanlara Cabir Novruzun təbirincə desək - "sağlığında qiymət verilməsini" istəyirəm. Bizim bir davamız var, o da Qarabağ davasıdır. Əslində, heç bu da dava deyil, bütün dünya ilə haqq-ədalət mübarizəmizdir!

 

Gəlin, bir az səmimi olaq, heç kim burada "kəmiyyət və keyfiyyət" məsələsini də ortaya atmaq sevdasına düşməsin. Vicdanla etiraf edək ki, əgər "Dəniz köçü" indiyədək ekranlaşdırılsaydı, bu, Firuz Mustafa Tuqayının, Heminquey Qoca balıqçısından heç də zəif olmadığını, əksinə, Yaqut, Ayqut və Qayutun etibarı, ana istirabı və yar sevgisi bu əsərin daha güclü olduğunu bütün dünyaya sübut edərdi. Ən azı "Dəniz köçü"ndən cizgi filmi çəkilsəydi, buna uşaqlarla yanaşı böyüklər də böyük həvəslə tamaşa edərdilər. Qoy, bu barədə peşəkar rejissorlar düşünsün. Çünki, təkcə tamaşaçının əsəblərini gərili vəziyyətdə saxlayan, eləcə də kolbasa-sosiska qoxuyan teleseriallarla mövcud durumda təfəkkür baxımdan çabalayan cəmiyyəti irəli - Qarabağa tərəf aparmaq olmaz.  

 

Ölkə Prezidenti tərəfindən 14 may 1999-cu ildə təsdiq edilmiş 130 nömrəli fərmana əsasən, Azərbaycan Respublikasının Fəxri adları haqqında
Əsasnaməyə diqqət edəndə, burada "Xalq yazıçısı" fəxri adı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə yazıçılara verildiyini görürük.

 

Amma "Əməkdar incəsənət xadimi" fəxri adı isə görkəmli, bədii cəhətdən yüksək musiqi, dramaturgiya əsərləri, habelə tamaşalar, kinofilmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və Azərbaycan incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlara, rejissorlara, dirijorlara, dramaturqlara, ssenaristlərə, kinooperatorlara, sənətşünaslara və ədəbiyyatşünaslara verildiyi qeyd olunur.

 

Baxın, məgər Firuz Mustafa bu qədər yaradıcılığı və zəhməti ilə onun çoxdan qazanmış olduğu fəxri adların verilmə meyarlarına uyğun gəlmirmi? Yoxsa, bu adlar yalnız Azərbaycan Mədəniyyətinə mədəsi gözündən baxan və bu adları almaq üçün "nəzir" - niyyət edənlərə verilməlidir? Niyə sənətdən "incəliyinədək başı çıxanlar" indiyədək bu insana heç olmasa, "Əməkdar incəsənət xadimi" fəxri adı verməyiblər? Məgər onlar bizim ölkədə bir-iki dəfə efirdə çalıb oxuyanları qısa müddət ərzində "əməkdar" - mədəniyyət işçisinə, incəsənət xadiminə  çevirmirlərmi? Əlbəttə, heç kimə sirr deyil ki, bizdə süfrəyə gətirilən "şoru", "yağdan" daha yaxşı təqdim etmək qabiliyyəti çoxdan və çox inkişaf edib. Ancaq,  "insaf da dinin yarısıdır" axı - deyib babalarımız. Nə olar süfrəyə gətirilən "yağla, şorun" "miqdarı" heç olmasa tən olanda? Axı, "yağa" bu qədər də xəsisliklə qənaət etmək olmaz...

 

Nə isə, mən hələ burada "Əməkdar elm xadimi" fəxri adını bir kənara qoyuram. Hərçənd, Firuz Mustafanın buna da haqqı çatır. Çünki, bu ad elmi-tədqiqat idarələrinin, ali təhsil müəssisələrinin və digər təşkilatların elmlər doktoru elmi dərəcəsi və professor adı olan, elm sahəsində azı on beş il işləmiş alimlərə, elmi-praktik işçilərə verilir.

 

İstərdim bütün yazdıqlarımı səmimi qəbul edəsiniz. Çünki nə Firuz Mustafanın məndən, nə də mənim ondan heç bir asılacağım yoxdur. Asılacağım yeganə bir şey varsa, o da vicdandır! Amma sonda onu da deyim, əgər "Xalq yazıçısı" fəxri adına layiq olan bir şəxsə indiyədək "Əməkdar incəsənət xadimi" fəxri adı verilməyibsə, Heminquey yaxşı ki, azərbaycanlı, özü də Gədəbəydən olmayıb.

 

P.S. Əsl şair və yazıçılara öləndən sonra məzarlarının başında abidə ucaldırlar. Amma bu abidə onların sinəsindən ucalan "dağ"ın yanında çox kiçik görünür. Təəssüf ki, bu "dağ"ı hər adam görmür...