XƏBƏR AXIŞI

SSRİ-nin məhv edilən gizli kəşfiyyat qrupu: `Qırmızı Orkestr` - TAM MƏXFİ

  • 269 nəfər oxuyub

"Əgər yetərincə kəşfiyyat gücünüz varsa, kifayət qədər məlumatlısınızsa, ən güclü və ən qəddar düşməni belə məhv edə bilərsiniz...” 

Müharibənin taleyini həll edən məqamlardan biri də düşməndən daha çox kəşfiyyat məlumatına sahib olmaqdır. İkinci Dünya müharibəsi zamanı, 1942-cü ilə qədər "Qırmızı Orkestr" adlı təşkilat SSRİ-ni gizli strateji, hərbi-taktiki, iqtisadi əhəmiyyətli məlumatlarla təmin edirdi. 

"Qırmızı Orkestr" (Alman dilli mənbələrdə "Rote Kapelle" kimi qeyd olunur) - II Dünya Müharibəsi zamanı alman işğalı atındakı Avropa və İsveçrədə fəaliyyət göstərən 3 sovet məlumat ötürmə qrupunun koordinasiyalı fəaliyyətinə verilən ümum addır. Təşkilatın adındakı "qırmızı " sözü hər üç qrupun kommunist-sosialist baxışlı insanlardan ibarət olmasına işarədir. "Orkestr”ə Fransa və Belçikada mövcud olmuş "Trepper" qrupu, Almaniyada "Şulze-Boyzen/Harnak" (Schulze-Boysen) adlanan qruplar daxil idi.

"Qızıl Orkestr"in əsas qurucusu əslən Polşa yəhudisi Leopold Trepper idi. O, Qərbi Avropada çalışmış, geniş tərkibli casusluq təşkilatı yaratmış və ona rəhbərlik etmiş Sovet casusu idi. Fransada Kommunist Partiyasına üzv olan Trepper 1932-ci ildə deşifrə olunduqdan sonra məcburən Moskvaya gedir. SSRİ tərəfindən 1937-ci ildə təkrarən Franyasa göndərilən kəşfiyyatçı vaxtilə onu deşifrə edən casusu ifşa edir və onun bu bacarığı Sovet mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Nəticədə o, Qərbi Avropada nasist Almaniyası əleyhinə casus şəbəkəsi qurmaqla vəzifələndirilir.

Onun qurduğu casusluq təşkilatı "Vermaxt"ın ən yüksək rütbəli zabitləri ilə sıx əlaqələr yaratmağı da bacarmışdı. Leopold Trepperin kəşfiyyat təşkilatı haqqında deyilirdi ki, əgər onun Moskvaya göndərdiyi kəşfiyyat məlumatlarındakı "hücum" mesajı ciddiyə alınsaydı, 1941-ci ildə başladılan Barbarossa planı Sovetlər üçün daha az itki ilə nəticələnərdi.



"Qırmızı Orkestr"ə daxil olan qrupların təməli Adolf Hitlerin hakimiyyətə gəldiyi ərəfələrdə qoyulub. Harro Şulze-Boyzen (Harro Schulze-Boysen) və Arvid Harnakın (Arvid Harnack) təşkilatçılığı ilə yaradılan və 1933-39-cu illərdə Almaniya daxilində gizli fəaliyyət göstərən casus şəbəkəsinin üzvləri sonradan digər Avropa ölkələrinə də səpələndilət. Bunun ardınca Fransa, Belçika, Hollandiya və İsveçrə kimi ölkələrdə yeni şəbəkələr quruldu.

Casusluq faəliyyətlərini iki mərhələyə bölmək olar: 1933-1939-cu illər, yəni II Dünya Müharibəsinin başlanmasına qədərki dövr və 1941-1943-cü illər. 1941-1943-cü illərdə onların ötürdükləri məxfi məlumatlar müharibənin taleyinə ciddi təsir göstərmişdi. Hitlerin generallarından biri etiraf edir ki, "Qırmızı Orkestr"in gördüyü işlər 200 min alman əsgərinin ölümünə səbəb olmuşdu. Bu səbəbdən də casusluq şəbəkəsinə üzv olan xeyli insan həbs edilmiş və güllələnmişdi. 

"Qırmızı Orkestr"in mövcudluğu haqqında məlumat alan Adolf Hitler bərk hiddətlənərək bildirmişdi ki, "Bolşeviklər casusluqda bizdən bir addım öndədirlər". Bundan sonra "Orkestr"ə qarşı daha ciddi mübarizə əmri verən Fürerin tapşırığı ilə 1942-ci ildə alman ordusunda onlarla mübarizə məqsədilə "Qırmızı Orkestr Birliyi" yaradılmışdı.

"Qırmızı Orkestr” haqqında tədqiqatçı Gilles Perrault yazır ki, onların gördüyü işlər sayəsində siyasi, iqtisadi və hərbi müstəvidə elə bir informasiya yox idi ki, SSRİ detallarına qədər bilməsin. Stalinqradda baş tutacaq son qarşılaşma olan "Mavi Hərəkatı"nı da Sovetlərə bildirən məhz bu casus təşkilatı idi. SSRİ hər şeyi bilirdi. Berlin, Paris və Brüsseldən gələn bütün mesajlarda nasistlərin nə qədər aviasiyaya, nə qədər tanka sahib olduqları, döyüşlərdəki itkiləri, hətta Qafqaza hücum planına qədər hər bir şeyi onlar Sovetlərə ötürməyi bacarmışdılar...

"Qızıl Orkestr"ın həm "Vermaxt"ın, həm də "Luftvaffe"nin strukturlarında casusları vardı. Məsələn, Stalinqraddakı xüsusi əməliyyatlardan birinin "Luftvaffe"yə aid məxfi sənədlərini ruslara həmin şəbəkənin casusları vermişdi. Bundan başqa, təşkilatın Berlindəki casuslarından Arvid Harnak nasistlərin iqtisadiyyatla bağlı strateji planlaşdırma sektorunda işləyirdi. Harnak vəzifəsinin ona verdiyi imkanlardan istifadə edərək, SSRİ üçün çox ciddi sayılacaq iqtisadi bilgilər ötürmüşdü. Harnak 1936-ci ildə Almaniyanın hərbi cəbhəxanası ilə bağlı olquca məxfi dosyeləri Sovetlərə verməyi də bacarmışdı. Bununla bərabər o, Adolf Hitlerə qarşı bir sıra müxalif planlarda iştirak etmişdi.



"Qırmızı Orkestr"in digər məşhur simalarında biri də Anna Krauzedir. O, Almaniyanın tanınmış ekstrasenslərindən biri idi və davamlı olaraq SSRİ üçün çalışmışdı. Onun bacarığı sayəsində nasizmin ən öndə olan simalarından məxfi məlumatlar alınmışdı. Anna Krauze falçılığın spesifik metodlarından istifadə edərək, dövlət sirri sayılan bir çox gizli məlumatları əldə etmişdi. O, yüksək çinli nasist məmurlarının şəxsi keyfiyyətlərini, zəif tərəflərini "Qırmızı Orkestr"ə çatdırırdı. Beləcə, lazımi şəxsi informasiyaların da rusların əlinə keçməsi nasizmin tanınmış simalarına qarşı mübarizədə yeni imkanlar açmış olurdu.

Arxiv materiallarında göstərilir ki, 1942-ci ilin 16 noyabrında Almaniyanın güclü kəşfiyyat qrumu olan "Abver" (Abwehr) tərəfindən şəbəkə ifşa olunur və üzvlərinin xeyli hissəsi güllələnir. Qeyri-rəsmi mənbələrə görə isə, təşkilat 1943-cü ilə qədər fəaliyyətdə olub.
 
7News.az