XƏBƏR AXIŞI

"SOCAR Trading" ilk LNG partiyasını Maltaya çatdırıb

  • 86 nəfər oxuyub

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin ticarət evi - "SOCAR Trading” Maltada işləri davam etdirilən "LNG-to-Power" (Liquified Natural Gas, mayeləşdirilmiş qazdan elektrik enerjisinə) layihəsi üçün ilk LNG partiyasını çatdırıb.

"Bununla da "SOCAR Trading” ilk dəfə olaraq LNG təchizatını həyata keçirir.

Mərasimdə qeyd olunub ki, bu bazarın bilavasitə Avropa ölkəsi olması xüsusi əhəmiyyət daşıyır: "LNG bazarı getdikcə böyüyür və SOCAR-ın bu bazarda iştirakı çox əhəmiyyətlidir. Bununla da SOCAR müştərilərə qazı təkcə boru kəmərləri vasitəsilə deyil, həm də LNG şəklində də çatdıra biləcək”.

Tədbirdə "SOCAR Trading"in mayeləşdirilmiş təbii qazın idxalı məqsədilə terminal tikintisi üçün Fransanın "Total" neft-qaz şirkəti və Kot d`İvuar Dövlət Neft Şirkəti tərəfindən yaradılmış yeni konsorsiumun 26%-ni əldə etməsi xatırlanaraq bildirilib ki, bu, LNG üzrə həyata keçirilən ikinci layihədir. Şirkətin bu istiqamətdə işləri və layihələri gələcəkdə də artacaq:  "SOCAR-ın LNG bazarında böyüməsində Azərbaycan hökumətinin də böyük rolu var və Energetika nazirliyi və digər müvafiq qurumlar tərəfindən dəstəklənir”.

Mərasimdə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, Malta baş nazir ofisinin naziri Konrad Mizzi, "Electrogas Malta” şirkətinin baş icraçı direktoru Franz Doerfler, eyni zamanda "SOCAR Trading”in nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, "SOCAR Trading” şirkətinin 33% paya malik olduğu "Electrogas Malta” konsorsiumu təbii qazla işləyən 200 MVt gücündə olan buxar-qaz turbininin (CCGT), həmçinin, mayeləşdirilmiş təbii qaz üçün qəbul, saxlama və qazlaşdırma qurğularının tikintisini həyata keçirir. Bu layihə Maltanın cənub-şərqində, Marsakslok yaxınlığında Delimara Elektrik Stansiyasının ərazisində həyata keçirilib.

Malta Ətraf Mühit və Planlaşdırma İdarəsi (MEPA) 480 mln. avro dəyərində olan bu layihəni 2014-cü ilin mart ayında təsdiq edib.

CCGT və LNG qurğularının tikintisi və quraşdırılması 18 aya tamamlanıb. Layihə istismara verildikdən sonra Maltanın elektrik enerjisinə olan tələbatın təxminən 50%-nin ödəniləcəyi gözlənilir.

Təbii qaz qazlaşdırma qurğusu vasitəsilə təchiz edilir. "SOCAR Trading” proses üçün tələb olunan LNG və avadanlığı təmin edəcək.

Qazla işləyən yeni buxar-qaz elektrik stansiyası daha ucuz təbii qazdan istifadə və elektrik enerjisi istehsalı məqsədilə ağır dizel yanacağından asılılığı azaltmaq üçün Malta hökumətinin təşəbbüsünün bir hissəsidir.

Bu qurğu LNG-ni körpüyə birləşdirilmiş üzən anbar qurğusu (FSU Floating storage unit) vasitəsilə qəbul edəcək. Qazlaşdırma qurğusu elektrik stansiyasının cənub hissəsində, körpü isə eyni qurğunun cənub-qərbində yerləşir. 18 illik icarə əsasında "SOCAR Trading” tərəfindən təchiz edilən FSU, Malta, Delimarada doka daxil edilib, tutumu 125 min kubmetr həcmindədir.//report