XƏBƏR AXIŞI

Sədr: "ARGTMŞ 2017-ci ildə gənclərlə işə innovativ yanaşmalar gətirəcək” MÜNASİBƏT

  • 28 nəfər oxuyub

"Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, ölkənin ən böyük gənclər platforması olaraq Ümummilli lider Heydər Əliyevin gənc nəslə olan böyük etimadından ilhamlanaraq 1995-ci ildə təsis olundu. Təsisçi gənclər təşkilatları Azərbaycan dövlətinə sadiq, milli dəyərlərə bağlı, müasir və inkişaf yönümlü bir "çətir” altında ali məqsədlər üçün birləşə bildilər. Hal-hazırda Milli Şura üzvü olan 124 gənclər təşkilatı vasitəsi ilə həm ölkə daxilində, həm dünya miqyasında Azərbaycan gəncliyini təmsil edir". Bunu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov deyib.

Onun sözlərinə görə, Milli Şuranın məqsədi gənclərin bilik və bacarıqlarını Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir: "Milli Şura 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, "Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatlarının həmtəsisçisi, 2014-cü ildən Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.

26 may 2016-cı il tarixində Milli Şuranın XIV Hesabat-Seçki Qurultayında keçirilən səsvermə nəticəsində Milli Şuranın yeni idarəedici komandası formalaşdırılmış və Milli Şuranın sədri olaraq səlahiyyətlərimin icrasına başlamışam. İl ərzində Milli Şuranın əsas məqsədləri fəaliyyətini tam şəkildə bərpa etmək və sistemləşdirmək; gənclər təşkilatları institutunun gücləndirilməsi və gənclər təşkilatlarının yeni çağırışlara cavab verməsi istiqamətində işlər görmək; regionlarda yaşayan gənclərin sosial aktivliyinin artırılması istiqamətində fəaliyyətləri genişləndirmək; Azərbaycan gənclərinin beynəlxalq səviyyədə maraqlarının daha effektiv təmsil olunması üçün Milli Şuranın pozisiyalarını gücləndirmək olmuşdur.

Hesab edirəm ki, gənc və peşəkar komandamız ilə birlikdə il ərzində qarşıya qoyulmuş bütün məqsədlərə nail olmaq iqtidarında olduq. Milli Şuranın katibliyi tam şəkildə formalaşdırıldı, təşkilatın tarixində ilk dəfə gənc xanım Milli Şuranın Baş Katib təyin olundu. Son 6 ay ərzində Milli Şura tərəfindən 92 tədbir təşkil olunub, 44 milli səviyyədə keçirilən tədbirdə təmsil olunub, gənclər təşkilatlarımızın nümayəndələri 23 beynəlxalq layihədə iştirak edib. Milli Şuranın dəstəyi ilə üzv təşkilatlar 30-a yaxın tədbir təşkil edib. Sosial şəbəkələr vasitəsi ilə təşkilatın fəaliyyətini 500 mindən artıq gənc izləyib. Ümumi təşkil olunan fəaliyyətlərdə 4208 nəfər gənc və 100-dən artıq gənclər təşkilatı bir-başa olaraq iştirak edib.

Təbii ki, əldə olunan nəaliyyətlər Milli Şuranın 21 illik təcrübəsinə əsaslanır və üzv təşkilatların dəstəyi və fəal iştirakı, dövlətimizin dəstəyi olmadan mümkün olmazdı. Milli Şura 2020-ci ilə qədər yeni iqtisadi və sosial reallıqları nəzərə alaraq əvvəlki illərə nisbətən həm ölkə daxilində, həm ölkə xaricində fəaliyyətini genişləndirərək Azərbaycan dövlətinin etibarlı tərəfdaşı kimi ölkənin aparıcı və ən böyük gənclər platforması olaraq qalmağı özünün strateji baxışı olaraq müəyyən edib.

Məhz toplanılmış geniş təcrübəyə və dəstəyə əsaslanaraq, strateji baxışı reallaşdırmaq üçün Milli Şura 2017/2018-ci illər üçün kifayət qədər iddialı strateji məqsədlər formalaşdırıb:

* Gənclərin dövlət və yerli özünüidarəetmə orqanlarının işində iştirakını genişləndirmək və qərar-vermə proseslərində iştirakçılığını artırmaq;

* Gənclər təşkilatlarının gənclər üçün aktual olan məsələlərin həllində iştirakını genişləndirmək və stimullaşdırılmaq;

* Gənclər təşkilatları institutunu gücləndirmək və potensialını artırmaq;

* Gənclərin və gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək;

* Regionlarda və kəndlərdə yaşayan gənclərin imkanlarını genişləndirmək və təşkilatlanmasına dəstək olmaq;

* Milli Şuranın platforma olaraq fəaliyyətini genişləndirmək və gənclər siyasətinin icrasında daha da fəal olmasını təmin etmək;

 

Strateji məqsədlərə çatmaq üçün müvafiq hədəflər və performans indikatorları müəyyən olunub, 2017-ci il üçün fəaliyyət planı formalaşdırılıb. Növbəti il ərzində Milli Şura bütün fəaliyyətlərini 6 əsas blok çərçivəsində sistemləşdirib: Proqramlar, Kampaniyalar, Üzvlər üçün Xidmətlər, Beynəlxalq Əlaqələr, İctimaiyyətlə Əlaqələr və İnzibati Fəaliyyət.

Milli Şuranın 2017-ci il üçün müəyyən etdiyi proqramlar müxtəlifliyi ilə və innovativliyi ilə seçilir. Hər bir proqramı gənclər və gənclər təşkilatları üçün aktual olan mövzu və istiqamətləri əhatə edir. Belə ki, "Azərbaycan Könüllülük Xidməti” Proqramı regionlar arası gənc könüllülərin Gənclər Evləri arasında mübadiləsini təmin etməklə, regionlarda yerləşən Gənclər Evlərinin fəallığının və fəaliyyətlərinin artırılmasına yönəlib. "Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası” gənclər təşkilatlarına idarəetmənin təkmilləşdirilməsi və effektivliyinin artırılması istiqamətində təlimlər, seminarlar, yay məktəbləri və digər maarifləndirici tədbirlər təklif edir. "XƏTDƏ” Proqramı gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməsinə, gənclərin internet şəbəkəsində Azərbaycan maraqlarının təbliğinə cəlb olunmasına yönəlib. "YERLİ” Kənd Gənclərinin İnkişafı Proqramı kənd gənclərinin sosiallaşması və maarifləndirilməsi, onlara bərabər imkanların yaradılması istiqamətində fəaliyyətlər təqdim edir. "Gənc Elçilər” Proqramı Azərbaycanın gənc diplomatlarının və beynəlxalq əlaqələr üzrə mütəxəssislərin yetişdirilməsinə yönələn yeni proqramdır. Daha bir yeni istiqamət olan "Gənclər Şuraları Şəbəkəsi” Proqramı gənclərin yerli özünüidarəetmə orqanlarının işində iştirakını genişləndirmək və qərar-vermə proseslərində iştirakçılığını artırmaq imkanı təqdim edəcək.

Gənclər arasında aktual məsələlərin təbliği və təşviqini təmin etmək üçün gələn il üçün 3 kampaniyanın həyata keçirilməsində fəal iştirak etməyi planlaşdırırıq. "Azərbaycan Gəncliyi daha yaxşı Gələcək Uğrunda” kampaniyasının məqsədi gəncləri BMT tərəfindən qəbul olunmuş 17 dayanıqlı inkişaf məqsədinin icra mexanizmlərinin formalaşdırılmasına cəlb etmək, gəncləri dayanıqlı inkişaf məqsədləri barəsində məlumatlandırmaqdır. Azərbaycanda milli əlaqələndiricisi olduğumuz Avropa Şurasının "Nifrət Nitqinə Yox” kampaniyası çərçivəsində intenetdə nifrət nitqinin azaldılması istiqamətində 10-a yaxın onlayn aksiya və tədbirlərin təşkilini planlaşdırırıq. Eyni zamanda, Milli Şura ümummili məsələlərdə fəal iştirak etməyi dəvam edərək, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış "Xocalıya Ədalət” Kampaniyası çərçivəsində dünya gənclərini əhatə edəcək bir sıra fəaliyyətlər təşkil edəcək.

Milli Şuranın fəaliyyətini üzvü olan gənclər təşkilatlarının fəal iştirakı olmadan təsəvvür etmək qeyri-mümkündür. Üzvümüz olan gənclər təşkilatları nə qədər güclüdürsə, Milli Şuranın da fəaliyyəti bir o dərəcədə gənclərin maraqlarının təmsil olunması və gənclərin inkişafı üçün təsirlidir. Məhz buna görə, Milli Şura üzv təşkilatları üçün növbəti il üçün bir sıra təmənnasız xidmət yaradıb və təklif edir: ARGTMŞ Gənclər Evinin imkanlarından istifadə, Təlimləndirmə və Konsultasiya xidməti, İctimai Vəkillik və

Beynəlxalq Təmsilçilik, Məlumat Turlarının təşkili Xüsusi İmtiyazların təqdim olunması. Qeyd olunanlarla yanaşı Milli Şura www.nayora.az portalı vasitəsi ilə bir sıra elektron xidmətlər təqdim edir.

Beynəlxalq Əlaqələr istiqamətində Milli Şura növbəti il ərzində təmsil olunduğu beynəlxalq platformalar və əməkdaşlıq etdiyi dövlətlərarası təşkilatlar vasitəsi ilə Azərbaycan gəncliyini təmsil etməyə və Azərbaycanın maraqlarının qorunmasına çalışmağa davam edəcək. Təbii ki, beynəlxalq təcrübələrin ölkəmizə gətirilməsi istiqamətində, gənclər siyasəti sahəsində təcrübəmizin dünya ictimiayyətinə təqdim olunması üçün müəyyən tədbirlər görüləcək. Qeyd edim ki, Milli Şuranın maraq dairəsinə Avropa, Asiya, Afrika, Latın Amerikası – dünyanın bir çox əhəmiyyətli regionu daxildir və bu gün Milli Şura dünyada layiqli yer tutur və peşəkar, legitim bir platforma olaraq tanınır.

Ümumiyyətlə, gördüyünüz kimi 2017-ci il ərzində fəaliyyətimiz daha da genişlənəcək, üzvlərimizin, gənclərimizin etimadını doğrultmağa çalışacağlq. Əminəm ki, biz, Azərbaycan gəncləri, qarşıya qoyulmuş bütün hədəflərə çatmağa qadirik. Bu gün Azərbaycan gəncliyi müasirdir, milli dəyərlərə, mədəniyyətimizə və tariximizə bağlıdır, vətənpərvərdir, təhsilli və tərbiyəlidir. Bu da o deməkdir ki, ümummilli liderimiz tərəfindən əsası qoyulmuş, ölkə Prezidenti tərəfindən həyata keçirilən gənclər siyasəti bu gün uğurla icra olunur, Azərbaycanın əsas prioritetlərindən biridir. Mən, bütün gənclərimizi sosial aktiv olmağa, təşəbbüskar olmağa və dövlətimizin prioritetləri əsasında daha yaxşı Azərbaycanın qurulmasında iştirak etməyə dəvət edirəm".

7News.az