XƏBƏR AXIŞI

Qənirə Paşayevanın “Səni Allaha Eşq götürür" kitabının imza günü keçirildi

  • 204 nəfər oxuyub
Millət vəkili Qənirə Paşayevanın "Səni Allaha Eşq götürür" kitabının imza günü keçirildi və müəllif kitabdan əldə olunan bütün gəliri əməliyyat olunması üçün 11 yaşlı xəstə qıza bağışladı.

"Kitabevim.az” kitab evində millət vəkili dr.Qənirə Paşayevanın yeni çapdan çıxmış  "Səni Allaha Eşq götürür" kitabının "imza günü” keçirildi. "İmza günü” törənini açıq elan edən aparıcı Fəxriyyə Lilpar-İsayeva  kitab haqqında məlumat verdi və bildirdi ki, bu kitabın bütün gəliri ilə yanaşı bu gün Qənirə Paşayevanın müəllifi olduğu kitabların hamısının satışından əldə olunacaq gəlir maddi imkanları aşağı olan bir ailənin çox ağır əməliyyata ehtiyacı olan 11 yaşlı qızına hədiyyə ediləcək və Qənirə xanım bu təşəbbüsü sevərək qəbul edib və bütün dostlarını da bu aksiyada fəal olmağa çağırıb. Sonra "Kitabevim.az” rəhbəri Şəmil Sadiq çıxış edərək bu təşəbbüsü alqışladığını və bu işə onlar da böyük məmuniyyətlə dəstək verdiklərini deyib.
 
Millət vəkili Q.Paşayeva ilk növbədə onun "imza günü” üçün gələn çoxsaylı oxucuları, kitabsevərləri, ədəbiyyat dostlarını, sadə insanları bir arada görməkdən məmnun olduğunu, onların hər birinə təşəkkür etməklə sözünə başladı: -Bəri başdan qeyd edim ki, bu kitabın satışından gələn gəliri çox ağır durumda yaşayan bir ailənin 11 yaşlı balasına bağışlamışıq. Çünki bu balamız həyatda qalmaq üçün təcili ağır əməliyyat olunmalıdır. Bundan başqa kitabda mənim üzləşdiyim, yaşadığım, şahidi olduğum, duyduğum bir sıra həyat hekayələri, esseler,  məqalələr yer alır. Onların bir hissəsi buna qədər çap olunmuş müxtəlif kitablarımda da yer alıb. Bir hissəsi isə tam yeni yazılardır. Kitabda məqsəd maddi dəyərlərə marağın getdikcə artdığı bir dünyada insanları mənəviyyata, həyatın mənasını daha geniş düşünməyə, anlamağa, paylaşmağa çağırmaqdır.
 
Gənc nəsillərimiz üçün əhəmiyyətli ola biləcəyini düşünürəm. Oxuyucuların bir az da olsa xoşuna gəlsə çox məmnun olaram. Bu gün həm imza gününə, həm də imza gününün məqsədi olan xeyriyyə aksiyasına gələn bütün dostlarıma bir daha təşəkkür edirəm". Qeyd edək ki kitabda millət vəkili Q.Paşayevanın müxtəlif vaxtlarda yazdığı məqalələr, hekayələr, esselər, bəzi şeirləri və paylaşdığı fikirləri (seçmə deyimlər) toplanıb. "İmza günü”nə millət vəkilləri, tanınmış ziyalılar, QHT və KİV təmsilçiləri, bir sıra ölkələrdəki Azərbaycan və Türkiyə diasporlarının rəhbərləri, iş adamları da qatılıblar.
 
 İmza gününə maraq çox böyük olub. Tədbirdə bir sıra millət vəkilləri, ziyalılar, iş adamları, QHT və KİV rəhbələri çıxış edərək Qənirə Paşayevanı yeni kitabı münasibəti ilə təbrik etməklə yanaşı aksiyada fəal iştirak etməkdən məmnun olacaqlarını da bildiriblər. Tədbirdə yüzlərlə kitab satılıb, millət vəkili onları imzalayıb  və tədbirin sonunda 11 yaşlı qızın əməliyyatı üçün lazım olan vəsaitin böyük bir hissəsi toplanılıb və ailəyə hədiyyə edilib.  Tədbir Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin, "Sağlamlığın Qorunması" İB-nin və "Kitabevim.az " təşkilatçılığı ilə keçirilib.
 
7News.az