"Qatillər sona qədər hadisə yerində olub"- Elşən Musayev İstanbul teraktından yazır...

Əslində, bayram günü polislərin Noel Baba (Santa Klaus) qiyafəsində Istanbulun təhlükəsizliyini qoruma ideyası kimə məxsus olub bilmirəm, fəqət elə hər şey buradan başlanıb. Yəni, MƏLUM QÜVVƏLƏR üçün anidən "göydəndüşmə” fors-major yaranıb. Dərhal(!) da 18 saatlıq sürətli planlanma ilə terror aktı düzənlənib, təsbitlənib və törədilib.
Ən çox verilən suallar içində isə, "Niyə Taksim ya da başqa qaynar bölgələr deyil də, məhz Orta Köy? – ön sıradadır.
Əvvəla, coşqulu İstanbulun yaşam spesifikasına yaxından bələd olanlar bilir: "Reina”nın qərarlaşdğı Orta Köy bölgəsi dünyanın düz və əyri vaxtlarında belə yerli camaatın, eyni zamanda turistlərin rahat dincəlməsi üçün ən uyğun məkan hesab edilib. Yəni, hələ terror dönəmindən öncə Taksim meydanında iki addımdan bir qara qura gədələrə, min cür sifətlərə, hər cür tipajlara rastlanırdısa, Orta Köy ətrafında belə bir şey yox idi. Bu səbəbdən ələlxüsus da gecə saatlarında ailəsi ilə əyləncə, gəzinti tərcihində bulunanlar düşünmədən "Boğaz” mənzərəsinin bərq vurduğu həmin bölgəni seçirdilər.
Və.. məlum terror aktlarından sonra mühafizə lap gücləndirilmişdi. Əsas da kontingent olaraq turist nisbətinin yerli camaatdan aşırı dərəcədə daha çox olması səbəbilə...
Avropalı turistin İstanbulda yeni il gecəsi ən çox ziyarət etdiyi məkan "Orta Köydür”. Çünki, həmin vaxt Boğaz qaynayır, körpünün altı da, üstü də, ətrafı da sözlə təsvirə sığmayan çılçıraq mənzərəsinə qərq olur, yeni il turu düzənləyən yüzlərlə gəmi eyni anda, saat 12 etibarilə fit verərək sahilə doğru irəliləyir, dünyanın bəlkə də ən möhtəşəm atəşfəşanlığı məhz burada seyr edilir və s.
"Reina” isə düz körpünün altında, bir azca sola doğru "Bebek” istiqamətindədir. Birbaşa dənizə açılır və Avropanın həcm etibarilə 3-cü ən böyük əyləncə məkanıdır. Düzdür, hətta normal vaxtlarda belə bu məkana randevusuz giriş qadağası var, fəqət hər zaman da analoqu olmayan qələbəliyə hakimdir. Odur ki, terrorist başbilənlərin yeni il gecəsində kütləvi qətliam üçün bundan uyğun yer seçməsi, daha doğrusu seçə bilməsi faktiki olaraq mümkün deyildi. Yəni, ən optimal variantın üzərində işləyiblər. Ardınca da icraya yönəldiblər.
"Reina” iri restoran (fəsilə uyğun olaraq qapalı və açıq olur) və bar bölümündən ibarətdir. Düz 31 (!) giriş-çıxışa, dolanbaca sahibdir. "Tanspol”un qurulduğu yer də elə seçilib ki, hər iki bölümün müştərləri qaynayıb qarışa bilsin. Və...oyun meydanına doğru irəliləyən dar bir koridor var. Terrorist ilk atəşi məhz həmin koridordan açıb, dərhal da panika yaranıb və (əsas) sağ – sol girişlərdə duran digər terroristlər gülləboranı davam etdiriblər. Yəni, üçlü həlqə qurulub, İtki bu səbəbdən çoxdur. Ayrıca, məsələ burasındadır ki, həmin o qeyd etdiyim 31 giriş-çıxışa bütün yollar "tanspol” dövrəsindəndir.
İstintaq dərhal açıqlama yaydı ki, Şaxta Baba qiyafəsində olan terrorist əynini dəyişərək qaçmağa müvəffəq olub. Yalnış ehtimaldır. Əynini dəyişib, fəqət qaçmayıb! Köhnə istintaqçı olaraq tam məsuliyyətlə deyirəm: bu cür məqamlarda əsas qatil ya yaralıları təcili yardım maşınlarına daşıyanların ya da onlara su verib, alnına dəsmal qoyanların arasında olur. Həmin an peşəkar qatıl əsla qaçmaz, əksinə maksimum soyuqqanlıqla iz azdırar. Necə ki, azdırıb da.
Terroristlərin sayı bilinmir. Amma ən az 3-5 arasında dəyişib. Orası dəqiqdir və böyük ehtimalla terroristlərin hamısı bir-birini yalnız son anda tanıyan adamlardır. (Bu müasir teraktların realizəsində terrorbaşılar tərəfindən uyğulanan yeni texnologiyadır: artıq oturuşmuş "ÇETE” variantına üstünlük verilmir. Ki, cinayətkar ünsürlərin qrup, mənəvi bağlılığı olmasın) Və... heç şübhə etmirəm ki, terroristlərdən ən az ikisi "Reina”nın əməkdaşlarıdır, bu məkana öncədən sızdırılıblar.(ofisiant, qarderobda duran və s formada) Ayrıca, bu cür situasiyalarda bir tək güllə açıb faktiki icraçı olmaqla deyil, məsələn - terrorun baş verdiyi məkanda hansısa dəhlizi bağlayıb insanların çıxışını əngəlləməklə də mənfur cinayətə "töhvə” vermək olar. Belədə ümumən iz tapmaq qeyri-müşkül olur. Hansısa qapının cəftəsinin nə vaxt bağlandığını kimə və necə sübut etmək olar ki?
 
***
 
Bütün güllələr "Kalaşnikov” avtomatından atılıb. Bu simvolik jestdir.
Terrorun Yeni ilin ilk günündə həyata keçirilməsi də təsadüf deyil. Növbəti estafetin start mesajıdır.
İkibaşlı oyun gedir. Hətta üçbaşlı. Həm Türkiyənin bölgə olaraq təhlükəli imicini formalaşdırmaq, həm "dərin dövlət”in illərdir yığdığı nüfuz kreditini xərcləmək, həm də xalqa ünvanlanan: "Ərdoğandan imtina etmədikcə başınız bəlalar çəkəcək” - ritorikasını növbəti dəfə, daha iyrənc, daha əclaf formada anons etmək istəyirlər.
Daha dəqiqi edirlər.
 
7news.Az

Xəbər lenti