XƏBƏR AXIŞI

"Prezident İlham Əliyev tərəfindən diaspor siyasəti uğurla davam etdirilməkdədir" - TOĞRUL ALLAHVERDİLİ "XALQ QƏZETİ"NƏ MÜSAHİBƏ VERDİ

  • 552 nəfər oxuyub

Rusiyada ölkəmizi layiqincə təmsil edən Azərbaycan diasporu formalaşmaqdadır. Xüsusilə diasporumuzun tərkibində yeni, sağlam və milli gənc nəsil yetişməkdədir. Moskvada Azərbaycan həqiqətləri ilə bağlı xüsusi fəallıq göstərən gənclərimizdən biri olan Toğrul Allahverdili suallarımızı cavablandırdı.

– Toğrul bəy, diaspor nümayəndəsi kimi Rusiyada azərbaycanlıların hazırki təşkilatlanmasını, gənclərimizin ictimai-siyasi mühitə inteqrasiyasını necə qiymətləndirirsiniz?

– Rusiyadakı Azərbaycan diasporunun hazırki durumunu ötən illərlə müqayisədə çox yüksək qiymətləndiririk. Əgər əvvəllər diasporumuzda çoxlu parçalanma meyilləri var idisə, son vaxtlar daha çox birləşdirici hallar, məqamlar kifayət qədər çoxalıb. Bu, dünyanın bütün diaspor təşkilatlarında olan bir tendensiyadır. Onu da deyim ki, Qarabağ kimi problemi olan bir xalq üçün bölünmək, parçalanmaq yolverilməzdir. Bu gün ən böyük Azərbaycan diaspor  təşkilatı Rusiyada fəaliyyət göstərir. Diasporumuz artıq Rusiyanın bütün regionlarında təşkilatlanıb. Misal olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT), ulu öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə təsis olunan Ümumrusiya Azərbaycanlıları Konqresini misal çəkmək olar.

Bizim bu proseslərdə aktiv iştirak edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) adlı təşkilatımız var. Mən təşkilatın Rusiya nümayəndəliyinin rəhbəriyəm. Məqsədimiz Azərbaycan və slavyan gəncləri arasında dostluq qurmaq, Azərbaycan mədəniyyətini, Qarabağ həqiqətlərini slavyan gənclərinə təbliğ etməkdir. Heydər Əliyev Fondunun vitse – prezidenti, RAGT-ın rəhbəri Leyla xanım Əliyevanın Rusiyadakı gördüyü işlər hər bir Azərbaycan gəncinə örnəkdir. Rusiyanın ən böyük gənclər birliyi olan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı bu ölkənin universitetlərində Azərbaycan klubları təsis edir, ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrin gündəlik problemləri ilə yaxından məşğul olurlar. Biz  isə ASGA Rusiya nümayəndəliyi olaraq hər il bir sıra tədbirlər həyata keçiririk,  ən effektli layihəmiz artıq 4 ildir ki, reallaşan 18 oktyabr Müstəqillik  Günü münasibətilə Azərbaycan dövlət müstəqilliyi və Heydər Əliyev mövzusunda yazı müsabiqəsidir. Bundan əlavə, ASGA-nın internet üzərindən keçirdiyi sorğu nəticəsində "İlin səfiri” mükafatını təsis etmişik. ASGA Rusiya nümayəndəliyi olaraq yeni yaransaq da, çox uğurlara imza atmışıq. Azərbaycan mətbəxini Moskvada keçirilən sərgidə təbliğ etmişik və şəhər rəhbərliyinin Fəxri fərman və diplomuna layiq görülmüşük. Ən uğurlu layihələrimizdən biri də Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə ASGA və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun birgə təşkilatçılığı ilə ayda bir dəfə Moskvanın ayrı-ayrı məktəblərində Azərbaycan mədəniyyət günlərinin keçirilməsidir. Qeyd etdiyim kimi, bu layihəyə Ümumrusiya Azərbaycan Konqresi dəstək verir . ÜAK-dan söz düşmüşkən, bildirmək istəyirəm ki, konqres biz gənclərin güvənc yeridir. Bundan əlavə, tez-tez Azərbaycanın tanınmış şair və yazıçılarını Moskvaya dəvət edib onlarla gənclərin görüşünü keçiririk. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, Novruz bayramını isə böyük el şənliyinə çevirməyi bacarmışıq.

Fikrimcə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasəti Azərbaycanın dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Ulu öndər hakimiyyəti dövründə diaspor nümayəndələrinin gördüyü işlərin qiymətləndirilməsi, onların problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlər dövlət siyasətinin prioritet məsələlərindən olmuşdur. Hazırda da cənab Prezident İlham Əliyev tərəfindən diaspor siyasəti uğurla davam etdirilməkdədir.

– ASGA-nın fəaliyyətinin Rusiyada təsirini necə hiss edirsiniz?

– Şübhəsiz ki, biz Rusiya vətəndaşları olaraq bu ölkənin ictimi proseslərində aktiv iştirak edirik. Çalışırıq ki, Rusiya cəmiyyətinə yaxından inteqrasiya edək və intellektual imkanlarımızı orada göstərə bilək. ASGA Rusiya nümayəndəliyinin həyata keçirdiyi bütün layihələr diasporumuzun inkişafına, Azərbaycan həqiqətlərinin Rusiya, xüsusən slavyan gənclərinə dolğun şəkildə çatdırılmasına hesablanıb. Bizim məqsədimiz Rusiyada yaşayan həmvətənlərimizin hər bir sahədə təşəbbüslərini stimullaşdırmaq, Azərbaycan və Rusiya dövlətlərinin diaspor siyasətinə töhfə vermək, Azərbaycan diasporunu digər xalqların nümayəndələri arasında daha uğurla təmsil etməkdir. Çünki  bu,  tək bizim  deyil,  bütövlükdə xalqın uğuru  hesab olunur. Diaspor təşkilatı olaraq istər Rusiyada, istərsə də təmsil olunduğumuz beynəlxalq layihələrdə Azərbaycanın adının daha yüksəklərə qaldırılmasına çalışmışıq.

– İşlərinizdə sizə hər hansı dəstək verilirmi ?

– Biz qısa zaman ərzində ASGA Rusiya nümayəndəliyini tam şəkildə formalaşdıra bilmişik. Bütün bu işlərin ərsəyə gəlməsində Ümumrusiya Azərbaycanlıları Konqresinin, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun  və ən əsası təşkilatımıza könüllü olaraq yardımçı olan gənclərin rolu əvəzsizdir. Son üç ildə ASGA Rusiya nümayəndəliyinin həyata keçirdiyi layihələrə nəzər salsaq,  məqsədə nail olduğumuzu deyə bilərik. Bizim vasitəmizlə gənclər beynəlxalq tədbirlərdə Azərbaycanımızı ən yüksək səviyyədə təmsil ediblər. Əminəm ki, dövlətimizin diaspor siyasətinə töhfələrimiz hələ irəlidədir.

– Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bu günlə bağlı nə deyə bilərsiniz?

– Fürsətdən istifadə edib, xalqımızı ürəkdən təbrik edirəm... Bu günün təsis olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi öndər uzaqgörən siyasətçi kimi, azərbaycanlıların ən böyük problemlərindən birinin birləşmək olduğunu bilirdi. Məhz buna görə də dövlət səviyyəsində bu günün təsis olunmasına sərəncam vermişdi. O gündən, indiyədək, təşkilatlanma sahəsində xeyli mühüm addımlar atılıb. Diasporumuz tərəfindən böyük işlər görülüb. Biz burada vahid xalq kimi çıxış etməyə, bir-birimizin yanında olmağa  çalışır və buna nail oluruq...

Müsahibəni qələmə aldı:
Anar TURAN,
"Xalq qəzeti”