XƏBƏR AXIŞI

Prezident İlham Əliyev Seyid Əli Xameneyi və Həsən Ruhaniyə başsağlığı verib

  • 103 nəfər oxuyub

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi başsağlığı verib.

Başsağlığında deyilir:

"Möhtərəm Ayətullah Xameneyi həzrətləri,

İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bütün fəaliyyəti və həyat yolu ilə dövlətinə və xalqına sədaqət nümunəsi göstərmiş Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani müdrik və uzaqgörən siyasətçi kimi tanınmışdır. Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə böyük töhfə vermişdir.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

XXX

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

Başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

İran İslam İnqilabının qələbə çalmasında fəal iştirak etmiş Əli Əkbər Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfə vermişdir. Onun əziz xatirəsi daim yaşayacaqdır.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

7News.az