XƏBƏR AXIŞI

Niderlandda Azərbaycanla bağlı tədbir keçirilib

  • 214 nəfər oxuyub
Noyabr ayının dördündə Niderlandın Zeyland (Zeeland) bölgəsinin, Zirikze (Zierikzee) şəhərində Azərbaycanı tanıtmaq məqsədilə tədbir keçrilib.Şəhər kinoteatrında baş tutan təbdbir Niderlandda fəaliyyət göstərən "Connect”təşkilatının təşkilatçılığı ilə düzənlənib. Tədbirin aparıcısı, Niderlandda çıxan "Vereldregio” (Wereldregio) qəzetinin baş redaktoru Aad van der Vouden (Aad van der Wouden) tədbiri açıq elan etdikdən sonra söz "Connect” təşkilatının sədri, soydaşımız Vüqar Abbasova verilib. Vüqar Abbasov qonaqları salamlayıb onlara xoş gəldin dedikdən sonra Sxouven Dəüveland (Schouwen Duiveland) bələdiyyəsinin başçısı Xerard Rabelink (Gerard Rabelink) səhnəyə dəvət olunub. "Connect”in sədri bələdiyyə başçısına Azərbaycanla bağlı kitab hədiyyə etdikdən sonra bələdiyyə başçısı tədbirdə çıxış edib. Bələdiyyə başçısı çıxışında soydaşımız Vüqar Abbasovala tanışlığından, "Connect” təşkilatından danışaraq bu təşkilatın gələcəkdə bir çox uğurlara imza atacağına inamını dilə gətirib. Daha sonra "Connect” təşkilatının katibi Vim van Embden (Wim van Embden) Azərbaycanla bağlı görüntülü (powerpoint) təqdimat edib. Tədbir iştirakçıları bu təqdimat sayəsində Azərbaycanın 1918 – ci ildən bu günə kimi olan tarixinə qısa nəzər salmış olublar. Təqdimat zamanı zala toplaşanlara müstəqilliyimizi əldə edənə kimi Azərbaycanda törədilən 20 yanvar qırğını, Xocalı faciəsi barədə də məlumat verilib. Vim van Embden özünün Azərbaycana səfərindən də danışaraq qeyd edib ki, təəssüratları olduqca xoşdur və daha sonra Azərbaycanın gözəlliyindən, insanlarının qonaqpərvərliyindən, tolerant ölkə olmasından və.s. söhbət açıb. Təqdimatdan sonra Azərbaycanla bağlı qısa film nümayiş olunub. Film bitdikdən sonra iştirakçılara Azərbaycanla bağlı suallar verilib və cavabı düzgün tapanlara hədiyyə çekləri, Azərbaycana aid kitab təqdim olunub. Xüsusi suala düzgün cavab verən şəxsə isə əlavə olaraq film izləmək üçün kinoya bilet hədiyyə edilib ki, həmən sual Azərbaycanın neçə faiz torpağının işğal olunması və işğal olunan ərazinin adı ilə bağlıdır. Bundan sonra isə Niderlandda yaşayan soydaşımız, nəqliyyat və daşımaçılıq üzrə mütəxəssis Nurlan Ağayev təbdir iştirakçılarına Azərbaycan iqtisadiyyatı, ora sərmayə qoymaq imkanları ilə bağlı görüntülü təqdimat (powerpoint) edib. Təqdimat eyni zamanda Azərbaycanın turizm imkanlarını əhatə edib. Nurlan Ağayev öz təqdimatında Azərbaycanın sərmayədarlar üçün maraqlı, cəlbedici ölkə ola biləcəyinə diqqət çəkərək zalda olan iş adamlarını bu ölkəyə sərmayə qoymağa dəvət edib. N. Ağayev Azərbaycanın turizm imkanları ilə bağlı iştirakçılara məlumat verib və niderlandlıların turizmə olan marağına toxunaraq Azərbaycanda onların istirahəti üçün gözəl imkanlar olduğunu önə çəkib. Təqdimatdan sonra qonaqlar skripkada, milli musiqi alətlərimiz olan tarda, sazda canlı ifada Azərbaycan musiqilərini dinləyiblər. Bundan sonra isə qonaqlar kinotetrın foyesində Azərbaycan şirniyyatı, qutab və Azərbaycan şərablarını dadmağa dəvət olunublar və bununla da tədbir sona çatıb.
Tədbirin əsas iştirakçıları Zeylandın müxtəlif istiqamətindən gələn niderlandlılar olsa da, Sxouven Dəüveland bələdiyyəsində yaşayan bir neçə soydaşımız da tədbirə qatılıblar. Bundan başqa tədbirdə bir neçə yerli mətbuat orqanının nümayəndələri və bir çox iş adamları, eyni zamanda Azərbaycanla biznes əlaqəsi qurmağa maraqlı iş adamları, Niderlandın bir çox siyasi partiyalarının yerli nümayəndələri və.s. iştirak ediblər.




 
7News.Az