XƏBƏR AXIŞI

İş adamının anasından prezidentə müraciət: “Oğlumu Müqəddəs Sultanov həbs etdirib”

  • 3087 nəfər oxuyub

Baş Prokurorluğun məsul işçisi iş adamını həbs etdirib? 15 müddətində azadlıqdan məhrum edilən iş adamı İlham Qasımovun anası oğlunun həbsini Azərbaycan Respublikası Baş Prokurorluğunda Təşkilat Analitik İdarəsinin rəisi, general Müqəddəs Sultanovun sifariş etdiyini deyir

 


Gözəl Cəfərova: "Oğlumu 15 il müddətində azadlıqdan məhrum edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev Müqəddəs Sultanovun yaxın qohumudur”.

Son günlər iş adamı İlham Qasımovun qalmaqallı məhkəmə prossesi mətbuatın gündəmindən düşmür. Qeyd edək ki, İlham Qasımovun adı "MTN işi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi  keçsə də, özü isə hazırda həbsdədir və məhkəmə iş adamını 15 il müddətində azadlıqdan məhrum edib. Hazırda həbs həyatı yaşayan İlham Qasımovun vəkili Mərdəli Süleymanov maraqlı açıqlamalar verib. Bu açıqlamadan görnünür ki, İlham Qasımovun 15 il müddətində azadlıqdan məhrum edilməsi sifarişli olub.

Vəkil müvəkkilinin hazırda həbsdə saxlanılmasının səbəbindən də danışıb: 

"İlham Qasımovun barəsində bu il noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqda hökm çıxardı. 33 səhifəlik hökmdə əsaslandırma, sadəcə, yoxdur. İlham Qasımovun barəsində ittiham aktında yazılanları faktiki olaraq hökmə köçürdülər. İttihamda yazırdılar ki, İlham Qasımov vəzifəli şəxs kimi öz qulluq mövqeyindən sui-istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin küllü miqdarda əmlakını ələ keçirib. Guya Nərimanov rayonu, N.Yusifbəyli küçəsi 39/41 saylı ünvanlarda çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirməli olan ”MTK-Real" MTK-nın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib. Layihə sənədlərinin hazırlanması və təsdiq olunmasını 10 milyon manat pulun müqabilində həll edəcəyini MTK-nın faktiki təsisçilərindən olan Gülağa Qənbərova yalandan vəd verib. Əslində isə məsələ belə deyil. Gülağa Qənbərovla İlham Qasımovu general tanış edib. Həmin generalın onları tanış etməsini Gülağa Qənbərov da gəlib məhkəmədə dedi. Bildirdi ki, adlını çəkməyəcək. 

İlham Qasımov isə dedi ki, onları Müqəddəs müəllim tanış edib, deyib ki, gedib şərik işləyin. Araşdırıb, bilib ki, bu adamı hamı şair Gülağa Tənha kimi tanıyır. Vaxtilə OMON-çulara dəstək verib. OMON ləğv ediləndən sonra Gülağa Tənha Rusiyaya qaçıb. Orada bir müddət Aleksandr Mixayloviç Urov ad-soyad, ata adı ilə yaşayıb. Orada Moskva meri Lujkovun həyat yoldaşı ilə tikinti biznesi ilə məşğul olub, milyonlar qazanıb. Gülağa Tənha Azərbaycana Eldar Mahmudovun vasitəsilə gəlib. Bütün bunları araşdırıb biləndən sonra müqəddəs müəllimə deyib ki, bizim şərikliyimiz baş tutmaz, MTK-dakı payımı Gülağa Tənhaya satıb bu günə qədər gördüyüm işlərə görə faizimi götürəcəyəm.

Bütün razılaşmalar mülki müqavilələr şəklində rəsmiləşdirilib. İlham Qasımov MTK-dakı payını Gülağa Tənhaya satıb və MTK onun həyat yoldaşı Şəhla Rüstəmovanın və Müqəddəs Sultanovun həyat yoldaşı Təranə Əliyevanın adına rəsmiləşdirilib. Beləliklə, 2014-cü ildən İ.Qasımov MTK-nın nizamnamə fondunda olan öz payını sataraq kooperativin təsisçiliyindən çıxıb. 

Beləliklə Müqəddəs Sultanovla Gülağa Tənha MTK-da həyat yoldaşlarının adlarına payçı olduqdan sonra şərikli biznes işinə girişiblər. Və Müqəddəs Sultanov üçüncü şərikləri İlham Qasımovu aradan çıxartmaq üçün Gülağa Tənhanın əli ilə onu saxta ittihamlarla məhkəməyə çəkib. Belə ki, Gülağa Tənha Binəqədi Rayon Məhkəməsinə müraciət edərək İlham Qasımova qarşı mülki iddia qaldırıb. İddasında göstərib ki, binanın tikintisinə ayrılan pulların təyinatı üzrə xərclənməməsindən şübhələnir. Məhkəmə araşdırıb, məlum olub ki, 13 milyon manatın 8 milyon 400 min manatı xərclənib, yerdə 4 milyon 790 min manata yaxın vəsait qalıb. Məhkəmə qərar çıxarır ki, həmin vəsait MTK-dan tutulub Gülağa Tənhanın həyat yoldaşına verilsin".

Картинки по запросу gülağa tənha
Gülağa Tənha

Vəkil deyir ki, bundan sonra G.Tənha Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək özünə qarşı dələduzluq həyata keçirildiyini bildirib: "Məhkəmənin mülki qaydada həll etdiyi məsələ üzrə cinayət işi başlanıb və İlham Qasımov dələduzluqda ittiham edilib. Saxta ittihamlarla tez-tələsik həbs olunub və Bakı İstintaq Təcridxanasına göndərilib. Həmin sürətlə də cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə çatdırılıb. Yəni mülki qaydada həll edilməli olan işi cinayət müstəvisinə çıxarıb İlham Qasımovu qanunsuz olaraq 15 il müddətinə azadlıqdan məhrum etdilər. 

Məhkəmə hökm çıxarandan sonra bildik ki, hakim Zeynal Ağayevlə Gülağa Qənbərovun vəkili Elmar müəllim də tələbə yoldaşıdır. Məhkəmədə hakim bizə Gülağa Tənhaya suallar verməyə imkan vermədi. Məqsədi isə tez-bazar iş adamının hökmünü çıxarmaq idi. İttihamda ”zərərçəkən" kimi təqdim edilən şəxslər məhkəmədə  "biz heç bir zərər çəkməmişik,  İlham Qasımova qarşı heç bir şikayətimiz yoxdur” dedilər. Gülağa Tənha isə məhkəmədə cəmisi bir dəfə iştirak etdi, qalan məhkəmə proseslərinə isə gəlmədi. Proses başdan-ayağa araşdırma aparılmadan keçirildi. Dövlət ittihamçısı Əli Əliyev  İlham Qasımovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş etdi. Sonrakı prosesdə isə heç bir vəkilin iştirakı olmadan, İlham Qasımova son söz verilmədən 15 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm oxudu". 

Vəkil bildirib ki, hökmü qanunsuz və əsassız saydıqlarından artıq apelyasiya şikayəti hazırlayıblar, yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsinə təqdim edəcəklər. 

Məsələ ilə bağlı iş adamının anası İlham Qasımovun anası Cəfərova Gözəl Məhəmməd qızı PİA.AZ-a müraciət edərək oğlunun həbs edilməsi və 15 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı senssaion iddialarla çıxış edib. Bu gün səhər saatlarında redaksiyamıza telefon açan Gəzəl xanım bildirib ki, oğlunun həbsinin və həmçinin onun 15 il müddətindən azadlıqdan məhrum edilməsinin sifarişçisi, general, Azərbaycan Respublikası Baş Prokurorluğunda Təşkilat Analitik İdarəsinin rəisi vəzifəsində işləyən Müqəddəs Sultanovdur. 

İş adamının anası bildirib ki, oğlunun şəriki olan Müqəddəs Sultanov İlham Qasımovun malını-mülkünü ələ keçirmək məqsədi ilə onların ocağını söndürüb:

"Oğlum Qasımov İlham Səfəralı oğlu ilə iş ortağı olmuş, hazırda Baş Prokurorluqda Təşkilat  Analitik İdarəsinin rəisi vəzifəsində işləyən Müqəddəs Sultanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ocağımızı, çırağımızı birdəfəlik söndürüb. Belə ki, oğlumun əsassız cinayət məsuliyyətinə alınması və həbs edilməsi ilə bağlı müxtəlif instansiyalara yazdığımız çoxsaylı şikayətlər araşdırılmış və həqiqətən də, həmin cinayət işinin başlanılmasının bilavasitə təşklatçısı və sifarişçisinin Müqəddəs Sultanovun olması faktı öz təsdiqini tapmışdır. Buna görə də Müqəddəs Sultanov intizam qaydada cəzalandırılıb. Sonradan Müqəddəs Sultanov oğluma və bizə sifariş göndərərək bu şikayətlərə görə cəzasız qalmayacağımızı, onun adını müxtəlif instansiyalarda hallandırdığımız üçün Bakı şəhər Prokuroru vəzifəsinə təyin olunmamasının günahkarları olduğumuzu bildirərək, oğlumun ağır şəkildə cəzalandırılacağını bildirmişdi. Ortada olan nəticə də onu göstərir ki, Müqəddəs Sultanov bizə söylədiyi təhdidləri həyata keçirmiş və oğlumun qanunsuz yerə 15 il müddətində həbsxanaya atılmasını təşkil etmişdir. İşin qanunsuz və sifarişli olmasını isbatlayan əsas dəlillərdən biri isə odur ki, oğlumu 15 il müddətində azadlıqdan məhrum edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev Müqəddəs Sultanovun qohumudur. Qohumundan sifariş alan Zeynal Ağayev işə tələm-tələsik baxmış, müdafıəçilərimiz tərəfindən verilən vəsatətlər əsassız rədd edilmiş, yekunda dövlət ittihamçısı tərəfındən məhkəmə iclasında toplanmış sübutlara istinad edilmədən oğlum İlham Qasımova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsi məhkəməyə təklif edilsə də, Zeynal Ağayev dövlətin ədalətini istismar edərək aldığı sifarişi yerinə yetirmiş və oğluma əsasız olaraq 15 il cəza kəsmişdir. 


Hakim Zeynal Ağayev

Məhkəmə baxışı zamanı məlum olmuşdur ki, hakim Zeynal Ağayevdən nəyin bahasına olursa-olsun oğluma ağır cəza verilməsi tələb olunmuşdur. Həmin sifarişi Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat-Analitik İdarəsinin rəisi Müqəddəs Sultanov verməsi barədə bizdə heç bir şübhə yoxdur. Bir daha qeyd edirəm ki, hakim Zeynal Ağayev Müqəddəs Sultanovun qohumudur. Məhz buna görə də Cinayət işi Müqəddəs Sultanovun sifarişi və ssenarisi əsasında hakim Zeynal Ağayevin icraatına verilmişdir.

Həmin cinayət işi üzrə guya zərərçəkmiş şəxs qismində adı gedən Qəmbərov Gülağa Məmi oğlu isə sadəcə bu işdə istifadə olunan bir vasitədir. Gülağa Qəmbərovu İlham Qasımovla məhz Müqəddəs Sultanov tanış etmiş, onu bacarıqlı biznesmen kimi təqdim etmiş və onunla əməkdaşlıq etməyi məsləhət bilmişdir. Lakin İlham Qasımov qəti mövqeyini ortaya qoyaraq Gülağa Qəmbərovla işlərin davam etdiriləcəyi təqdirdə MTK üzvlüyündən çıxacağını bildirmişdir. Müqəddəs Sultanov Gülağa Qəmbərova mütləq çalışmalı olduğunu təkid etdikdən sonra İlham Qasımov «Real MTK»dakı payının 45%-ni Gülağa Qəmbərovun arvadı Şəhla Rüstəmovaya, və 10%-ni isə Müqəddəs Sultanovun arvadı Təranə Əliyevaya satmış, kooperativ üzvlüyündən çıxmışdı.Gözəl Cəfərova qeyd edir ki, "Gülağa Tənhada, Müqəddəs Sultanovda hər zaman açıq qeyd şəkildə deyirdilər ki, onlar bir ailə biznesi yaradıblar və şərikdirlər".

Göründüyü kimi gedən proseslər, yəni dövlətçiliyimizə, müstəqilliyimizə qarşı çıxan cinayətkar Gülağa Qəmbərovla əməkdaşlıqdan imtina edilməsi müqəddəs Sultanovu razı salmadığından onun tövsiyəsi ilə Gülağa Qəmbərov 17 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korupsiyaya qarşı Baş Mübarizə İdarəsinə yazılı müraciət etmişdir.

Mən bu barədə möhtərəm prezidentimiz cənab İlham Əliyevə ünvanladığım müraciətdə ətraflı yazmışam. Şikayətlərimdə qeyd etmişəm ki, həmin cinayət işi «Real MTK»-nın payçılarından və faktiki sahibindən biri olan və əmlakımızı ələ keçirmək istəyən Müqəddəs Sultanovun sifarişi əsasında başlanılmışdır.

Hazırda İlham Qasımova aidiyyati olmayan daşınar və daşınmaz əmlaklar üzərinə həbs qoyulmuşdur, əsas məqsəd həmin əmlakların satılması və əldə olunan pulun mənimsənilməsidir. Çünki Müqəddəs Sultanov hazırda oğlum İlham Qasımovdan 50.000.000 manat pul tələb etməkdədir. Onun bu tələbinin isə heç bir əsası yoxdur. Çünki oğlumun ona borcu yoxdur. 
Bütün bu faktlar bir daha təsdiq edir ki, hazırkı cinayət işi kimin diqtəsi ilə başlanılmışdır.


Müqəddəs Sultanov

Mə bunu da bildirirəm km, məhkəmə baxışı dövründə Müqəddəs Sultanov oğluma və ailəmizə müxtəlif təzyiqlər göstərilərək tələb olunan pulun verilməyəcəyi təqdirdə İlham Qasımova çox ağır cəza veriləcəyini bildirmişdi. Əvvəlcə 1.500.000 ABŞ dolları məbləğində pul istədilər, həmin təklifə razı olduq, lakin sonradan 20.000.000 ABŞ dolları məbləğində pul istədilər, həmin məbləğdə pulumuzun olmadığını bildirdikdə isə qohumlarımıza belə aid olan mal və mülklərin üzərinə həbs qoydurdular və hazırda üzərinə qoyulmuş bütün daşınar və daşınmaz əmlakların onlara verilməsini tələb edirlər. Həmçinin Müqəddəs Sultanov bizdən tələb edir ki, Kooperativdəki payınızdan bütövlükdə imtina edək, tikinti üçün ayrılmış torpaq sahəsini də ona verək. Biz Biz Müqəddəs Sultanovun bu tələbi ilə razılaşdıq, amma yenə də o oğlumun həbsdən azad olunmasına razılıq vermədi. 

Oğluma hökm oxunduqdan sonra yəqin etdim ki, Müqəddəs Sultanov qanunlarımızdan üstündür və dövlətin ədalətinə hökm edə biləcək biridir. 
Mən bir daha yəqin etdim ki, Müqəddəs Sultanov və onun arxasında duranlar bu ölkədə istədiklərini törədə bilərlər. Belə çıxır ki, bizdən tələb etdiklərini almamış oğlumdan əl çəkməyəcək”.

Qeyd edək ki, Müqəddəs Sultanov əvvəllər Ədliyyə və Vergilər nazirliklərində çalışıb. Daha sonra Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi işləyib. Sonradan işində yol verdiyi nöqsanlara görə bu vəzifədən xaric edilib. 

Qarşı tərəfin mövqeyini dərc etməy hazırıq.

pia.az