XƏBƏR AXIŞI

Hollandiyadakı Azərbaycan diasporundan böyük hörmətsizlik - Təfsilat

  • 243 nəfər oxuyub

Bir müddət əvvəl Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkının məhkəməsinin olacağı barədə məlumat vermişdik.

Dünən həmin məhkəmə prosesi baş tutub. Məhkəmənin nəticəsi barədə Azadinform-a açıqlama verən Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın bildirib ki, dünən proses baş tutdu, lakin məhkəmə 3 mart 2017-ci il tarixinə qədər ertələndi: "Bu müddət ərzində hər iki tərəf hesabat hazırlayacaq, dəlillər toplayacaq, əllərindəki materialları məhkəməyə təqdim edəcək”.  

İ.Aşkın bildirib ki, məhkəmədə, onun yanında Hollandiyadakı Azərbaycan diasporundan heç kim olmayıb: "Çox istərdim ki, Azərbaycan diasporundan heç olmasa bir təmsilçi o məhkəmədə iştirak etsin, təəssüf, yəqin lazım bilməyiblər. Bəli, mənəvi olaraq bu qurum həmişə yanımızdadır, mən köməyi həmişə hiss edirəm. Amma vacib məqamda biz həmişə yalnızıq. Türkiyə təşkilatları bizimləydi, Azərbaycan səfirliyinin, Türk konsulluğunun nümayəndələri vardı. Bilirsiniz, mən incmirəm, bu işlər belədir, kim inanırsa  o yanımızdadır”.

İ.Aşkın məhkəmə vaxtının uzadılması səbəblərinə də aydınlıq gətirib:  "Ermənilər məsələni siyasiləşdirdilər, mənim dediyim sözü kənara qoyub 1915-ci il tarixini, bizim o vaxtkı mitinqə dəvət etmədiyimiz halda Türkiyədən Mehtər qrupunun  gəlməsi, Qarabağdakı erməni-Azərbaycan məsələsini işin içinə soxdular. Fürsətdən faydalanıb böyük bir problemi ortaya atdılar. Bu, işin içindən çıxmaq çox vaxt aparacaq, amma inanıram ki, məhkəməni biz qazanacağıq. Vəkilimizin dedikləri də, gedişat da bunu göstərir. Onlar udsa biz, biz udsaq onlar əl çəkməyəcək. Əslində, bu, bizim üçün böyük bir fürsətdir, Avropa Parlamentində itirilmiş torpaqlarımızın, şəhidlərimizin haqqını axtarmaq üçün əlimizə gözəl imkan keçib. İllərdir haqlı olduğumuzu aləmə car çəkirik, indi bu mübarizənin yeri və zamanıdır. Bizə dəstək lazımdır, tarixçilər bu məsələni üstləməlidir, onların köməyi ilə məhkəməyə təqdim etmək üçün bir hesabat hazırlanmalıdır. Mən dünəndən neçə adama zəng vurmuşam, hələ ki, əlimizdə heç nə yoxdur. Əgər biz bu fürsəti yaxşı dəyərləndirə bilməsək məhkum olacağıq, bundan sonra heç kim Xocalıdan, Qarabağdan bəhs edə bilməyəcək. Bilirsinizmi, insanlarımızın bu qədər duyarsız olduğu ağlıma belə gəlməzdi. Bu, o deməkdir, ki, gələcəkdə mənim kimi insanlar yalnız qalacaq. Biz o şəhidlərimizin haqqını müdafiə edirik, onların mübarizəsini aparırıq, tarixçilərin köməyinə ehtiyacımız var. Sizin vasitənizlə Diaspor komitəsinə təşəkkür edirəm, onların dəstəyi bizim üçün çox önəmlidir”. 

 

7news.Az