XƏBƏR AXIŞI

Estoniya şirkəti Azərbaycanın "Fatal Fight" oyununu satın alıb - VİDEO

  • 161 nəfər oxuyub

"Fatal Fight Azərbaycan" oyun bazarının inkişafında mühüm rol oynayacaq satışı həyata keçirib.

Toğrul Səməd və onun komandasının ərsəyə gətirdiyi intellektual məhsul ən çox yüklənən yerli oyundur. Belə ki, Android platformasında təqribən 5 milyon yüklənməsi olan oyun xaricdə kifayət qədər sevilir.

Azərbaycanın yerli oyun bazarının hələ yeni-yeni inkişaf etməyə başladığı bu dövrdə "Fatal Fight"ın təsisçisi Toğrul Səməd "Facebook" sosial şəbəkəsində paylaşdığı məlumatda oyunun "iTech Media Solution” tərəfindən satın alındığını bildirib.

Yeni ilə uğurlu başlayan komanda bu satınalmanın məbləğini tam açıqlamasa da, bu razılaşma 3 illik potensial gəlir qarşılığında reallaşdırılıb. Qeyd edək ki, oyunun əsas pay hissəsi Toğrul Səmədə, digər hissələri isə Məmməd Ələkbərova məxsusdur.

 

İndi Android üçün "Play Market"də yerləşən oyun "iTech Media Solutions” hesabına köçürülüb. Digər platformalarda olan hesablar da yaxın zamanlarda köçürüləcək.

"iTech Media Solutions” şirkəti Estoniyada yaradılmış və 10 ildən çoxdur bazarda fəaliyyət göstərən rəqəmsal marketinq agentliyidir.

"Fatal Fight"ın təsisçisi Toğrul Səməd "Report”a açıqlamasında oyunla bağlı bəzi maraqlı məqamlara aydınlıq gətirib: "Bu oyunun yaradılmasına 2014-cü ilin yayında başlamışdıq. "Development” prosesi ümumilikdə 6 ay çəkdi və Azərbaycanda birinci versiyanı buraxdıq. Növbəti 6 ay ərzində isə analiz aparıb oyunda bəzi dəyişikliklər etdik və may ayında qlobal bazara çıxdıq. Bu layihə üzərində 22 nəfər işləyib. Onların bir hissəsi "freelancer”, bir hissəsi isə komandanın öz üzvləri idi. Biz IOS versiyanı buraxanda "Apple” bunu ən yaxşı oyun kateqoriyası seçmişdi. Həmçinin Böyük Britaniyada və Rusiyada ən çox yüklənən oyun kateqoriyasına daxil olmuşuq”.

"Developer” adıçəkilən oyunun məhz istifadəçilərin rəyləri əsasında yeniləndiyini bildirib: "Oyunla bağlı bir çox detalları məhz rəylərə görə dəyişmişik. Xatırlayıram ki, oyunda silah mağazasını məhz rəylərə görə əlavə etmişik. Həmçinin rəylər əsasında oyuna qız qəhrəmanı əlavə etdik. İstifadəçilər istəyirdi ki, qız personajı ilə oynasın. Biz də bunu etdik”.


 
7News.az