"Dövlət QHT-lərin inkişafı üçün zəruri olan bütün addımları atıb" - Fərasət Qurbanov

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sentyabrın 21-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə, Samux, Gədəbəy, Göygöl, Qazax, Ağstafa və Tovuzun QHT və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə "QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” mövzusunda regional konfrans keçirib.


QHT.az xəbər veri ki, konfransda "QHT-lərə dövlət dəstəyinin əsas istiqamətləri” mövzusunda məruzə ilə çıxış edən Şura Katibliyini icraçı direktoru Fərasət Qurbanov ölkəmizdə QHT sektorunun formalaşması tarixinə qısa ekskursiya edib. 2001-ci ildə Şəmkir şəhərində QHT-lərin Təlim və Resurs Mərkəzinin yaradıldığını bildirən F.Qurbanov ötən dövrdə QHT-lərin böyük inkişaf yolu keçdiyini vurğulayıb. İcraçı direktor Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq hazırda ölkəmizin bütün regionlarında QHT-lərin dövlət qurumlarının əsas tərəfdaşına çevrildiyini və fəaliyyət imkanlarının artdığını deyib. "QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. Dövlət QHT-lərin inkişafı üçün zəruri olan bütün addımları atıb. Bu gün QHT-lər cəmiyyətimizin inkişafını təmin edən ən vacib institutlardan birinə çevrilib. QHT-lər hər il sosial, humanitar, ekoloji, iqtisadi və sahələr üzrə yüzlərə layihə həyata keçirərək cəmiyyətin maariflənməsinə, ictimai problemlərin həllinə töhfələrini verirlər”, - deyə F.Qurbanov bildirib.

Şuranın QHT-lərə göstərdiyi xidmətlərlə bağlı geniş təqdimatla çıxış edən icraçı direktor, təmsil etdiyi qurumun formalaşma prinsipləri, qrant müsabiqəsi mövzuları haqqında da danışıb. Qeyd edib ki, Şuranın konfrans, təlim və seminarlar keçirməkdə əsas məqsədi QHT-lərin bilik və bacarıqlarını yüksəltmək, icra etdikləri layihələrin səmərəliliyinin artırılmasına yardım etməkdir: "Şura təkcə 2016-cı ildə 32 mövzu istiqaməti üzrə 556 layihəyə 5,3 milyon manatdan çox vəsait ayırıb. Bu layihələrdən faydalananların sayı 100 mindən çox olub. Həyata keçirilən layihələr çərçivəsində 32 kitab nəşr olunub, 23 sayt, 26 film, 29 sosial çarx hazırlanıb”.

 

Xəbər lenti