Dünyaya BARIŞ mesajı

Dünyaya BARIŞ mesajı

Günel SƏFƏROVA/"Gənc Vətəndaş" İctimai Birliyinin icraçı direktoru

 

Tarixin keşməkeşlərindən adlayıb, bu günümüzə qədər varlığını qoruyub saxlayan islam sülh, haqq-ədalət dini olmaqla çağdaş dövrümüzdə də bəşəriyyətə ən ali, yüksək mənəvi dəyərlər aşılayır. İslam fəlsəfi mahiyyətinin düzgün dərk olunması cəmiyyət daxilində və beynəlxalq səhnədə sabitliyin, əmin-amanlığın, birlik və həmrəyliyin təmin olunmasına, separatizm kimi halların qarşısının alınmasına xidmət edir.

İslamı fərqləndirən ən önəmli cəhətlərdən biri bu səmavi dinin insanların Tanrı qarşısında bərabər olduğunu və fərdi azadlıqları önə çəkməsi, mülkiyyət hüququna verdiyi dəyər, Yaradanla yaradılan arasındakı hər cür vasitəçiliyi inkar etməsidir. Yarandığı gündən dinimizə müxtəlif təsirlər olsa da, o, mürtəce hücumlara layiqli cavab verərək ən gənc din kimi bütün məziyyətlərini ortaya qoymaqda davam etdirir. Şübhəsiz, tarixin ayrı-ayrı mərhələlərində dində müəyyən islahatların da həyata keçirilməsi məntiqi hal sayılır. İslam dini də sözügedən islahatlar nəticəsində müsəlmanlar arasında həm mənəvi, həm də maddi birliyi təmin edən güclü cəmiyyətin formalaşmasına nail olub.

İslam-əməkdaşlıq və tolerantlıq modeli kimi

Tədqiqatlar göstərir ki, ictimai vəhdət məhz islam dövründə ən yüksək həddə çatıb. İslam müsəlmanlar arasında birlik və bərabərliyin qorunmasına, qardaşlığın təsis edilməsi və daha da möhkəmlənməsinə çalışmaqla yanaşı, xristian, yəhudi və digər dinlərin nümayəndələrinə də dəyər verməsi ilə seçilir. Bunun nəticəsidir ki, tolerant fikirlərin təbliği əsasında müsəlman cəmiyyətlərində sadəcə müsəlmanlar deyil, digər dinlərin mənsubları da qayğı və hörmətlə əhatə olunublar. Lakin təəssüf ki, mənəvi-əxlaqi dəyərlər siyasi maraqların, aşırı millətçi ideyaların və şəxsi ambisiyaların girovuna çevrildikcə, dinimizə də təzyiqlər, onun atributlarına sayğısızlıq müşahidə olunur. Bir neçə müddətdir ki, Avropa başda olmaqla Qərb dünyası İslama qarşı sözün əsl mənasında, "səlib yürüşü” elan edib. İslamofobiya meylləri sürətlə artmaqda və daha geniş arealı əhatə etməkdədir. Mütəxəssislər bildirirlər ki, dinimizin bəşəriyyətə bəxş etdiyi tolerant dünyagörüşünə baxmayaraq, bu gün müsəlmanların digər dinlərin mənsubları ilə çəkişmələrinin təməlində dini elmsizlik, İslamın insanlara təhrif olunmuş şəkildə çatdırılması dayanır.    

Əlbəttə, dinimizə qarşı kənardan haqsız hücumlar olur, lakin islamın öz daxilində də məzhəblər və təriqətlər arasında siyasi məqsədlərdən qaynaqlanan fərqli ziddiyyətlər də var. Bəzi müsəlman dövlətlərində məzhəblər arasındakı fikir ayrılıqları, yalan və təhrif olunmuş məlumatların təbliği düşmənçilik hislərinin artmasına səbəb olur və nəticədə islam həmrəyliyi zədələnir, üstəlik, dini inanclar zəifləyir. Bu problemlər hazırda İslam dünyasında müşahidə olunan münaqişə və narazılıqların əsas elementlərindəndir. Alimlər bəyan edirlər ki, müsəlman cəmiyyətlərində ayrı-seçkiliyin, düşmənçiliyin, qanlı toqquşmalara gətirib çıxaran qarşıdurmaların baş verməsinin başlıca səbəbi dini parçalamağa çalışan kənar qüvvələrin islam daxilindəki süni ziddiyyətlərdən istifadə edərək təfriqəçilik siyasəti yeritməsi ilə bağlıdır. Bu siyasət nəticəsində dini ehkamlara siyasi və digər korporativ maraqlara xidmət edən əlavələr olunur, müsəlmanların birliyinin parçalanması üçün ən müxtəlif vasitələrə əl atılır. Bəlli dairələrin qurduğu ssenarilərin mahiyyətinə belə varmayan müsəlmanlar yanlış informasiyalarla silahlanaraq münaqişələr törədir və nəticədə dini düşmənçilik qarşısıalınmaz reallığa çevrilir.

Əlbəttə, bir çox hallarda məlumatsızlıq və ya yanlış informasiyaya malik olmaq müsəlman cəmiyyətlərində vəhdətin və həmrəyliyin pozulmasına gətirib çıxarır. İslam bütün hallarda zorakılığı, məcburiyyəti rədd edir, cəmiyyətin fərqli etiqadı olan bütün üzvləri arasında birgəyaşayışı təmin olunmasını vacib sayır. Ancaq təəssüf ki, hazırda dünyada zorakılıq və terror sürətlə yayılır və bu mənfi stereotiplər bir çox hallarda İslamla əlaqələndirilir, islam dininə zorakılıq mənbəyi, ekstremizmə sövq edən din kimi baxılır. İslam fundamentalizmi, islamofobiya şüarları ilə silahlanan Qərb mediası dinimizə qarşı məqsədyönlü şəkildə nifrət aşılamaqla məşğuldur. Suriya və digər münaqişə bölgələrindən Avropaya başlanan axın zamanı yaranan miqrant böhranı nəticəsində siyasi beyin mərkəzləri yeni qorxulu ssenarilərini işə salır, qərb xalqları arasında islam xofunu artırmağa çalışırlar. Proses ara vermir və hər gün islama qarşı hücumların əsaslandırılmasına xidmət edən yeni hadisələr baş verir. Məhz süni islam xofu zəminində Fransa, Hollandiya, Avstriya, Danimarka kimi ölkələrdə ultrasağ, millətçi qüvvələr hakimiyyətə can atırlar. Çünki onların siyasi platformalarının əsasında islamla mübarizə şüarı durur. Bu kimi halları nəzərdən keçirərkən, birmənalı şəkildə qeyd etmək olar ki, bu gün islam dünyası, doğrudan da, həmrəyliyə möhtacdır. Həmrəylik və islam dininin müqəddəslərinə lazımi ehtiram olmasa, islamın terror deyil, sülh, sabitlik və humanizmin tərənnümçüsü olduğu barədə informasiyalar Qərb təfəkkürünə yeridilməsə, başlanmış səlib yürüşünü dayandırmaq mümkün olmayacaq. Eyni zamanda, müsəlman ölkələri aparılan düşmən təbliğatları qarşısında birgə durmaq üçün bütün lazımi tədbirləri görməli, parçalanmaların qarşısının alınması üçün diqqəti dinimizin tolerantlığına yönəltməlidirlər.

Azərbaycan-birgəyaşayışın unikal nümunəsi

Tarixi həqiqətlər göstərir ki, milli, etnik və dini azlıqların birgəyaşayışı üzərində qurulan cəmiyyətlər daha stabil və tolerant olur, bu cəmiyyətlərdə elmi, iqtisadi, mədəni və sosial səviyyələrdə inkişaf və tərəqqi əldə edilir. İslam dəyərləri artıq dünyada multikultural ölkə kimi tanınan Azərbaycanda da müxtəlif etnik azlıqlar və fərqli din mənsubları arasında sülhün qorunmasında, onların birgəyaşayışının təmin olunmasında danılmaz rol oynayır. İslam ənənələrinin mövcud olduğu Azərbaycanda həmrəylik və qarşılıqlı anlaşma prinsipinin indiki səviyyəsini Bakıda müxtəlif beynəlxalq tədbirlərdə iştirak edən dövlət rəsmiləri və ictimai xadimlər, ziyalılar, jurnalist elitası da dəyərləndirərək, bunu insanlığın ən yüksək nümunəsi kimi qiymətləndirirlər. Məhz bu faktorları rəhbər tutaraq 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli” elan olunub. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncam müsəlman aləminin ümumi məqsədlərinə, iqtisadiyyatın inkişafına, qarşılıqlı faydalı əməkdaşlığa, sülhə və təhlükəsizliyə nail olunması istiqamətində əsas yol xəritəsi mahiyyəti daşıyır.

Sənəddən o nəticə ortaya çıxır ki, islam həmrəyliyi təşəbbüsü Azərbaycanın həm siyasi, həm də mədəni anlamda digər müsəlman ölkələri ilə daha sıx yaxınlaşmasına səbəb olacaq. Bu qərar həmçinin ekstremizm, terrorizm, radikalizm, cəhalət kimi mənfi təzahürlərə qarşı birgə mübarizəyə aparan ən doğru addım kimi qiymətləndirilir. Azərbaycanın müsəlman dünyasına ünvanladığı bu çağırış onun xalqlar və dinlərarası münasibətlərin tənzimlənməsi ilə bağlı yürütdüyü siyasətin bütün dünya üçün nümunə olduğunun göstəricisidir. İndi ölkəmiz dünyada sülh, barış, tolerantlıq, multikultural dəyərlər və birgəyaşayış ənənələri ilə tanınır. Eyni zamanda, bu təşəbbüs dövlətin dini sahədə insanları maarifləndirməyə ayırdığı diqqəti aydın şəkildə üzə çıxarır. Azərbaycanın yanaşmasında İslam həmrəyliyi müsəlmanlar arasında uzun illərdən bəri davam edən münaqişələrə son qoyulmasına, düşmənçiliklərin aradan qaldırılmasına gətirib çıxarmalıdır.

İslam həmrəyliyinin ideoloji əsasları

2017-ci ilin "İslam Həmrəyliyi ili” elan edilməsinin çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti var.

Hər bir dövrün müəyyən çağırışları olur. Hər bir çağırışa da adekvat cavablar verilməli və buna müvafiq olaraq qərarlar qəbul edilməlidir. Siyasi xadimlərin, liderlərin də fərqli keyfiyyətlərindən biri bu cür hadisələri qabaqlayaraq zamanında müvafiq qərarlar qəbul etməsidir. Müasir dövrdə İslam dünyasının həmrəyliyə çox böyük ehtiyacı var. Bu həmrəyliyi yaratmaq, bununla bağlı müəyyən addımlar atmaq üçün belə bir çağırışın edilməsi, belə bir mesajın verilməsi çox böyük önəm daşıyır.

Azərbaycan hazırda islam sivilizasiyasının əsas mərkəzlərindən biri statusunu qazanmaqdadır. Rəsmi Bakı dini dəyərlərə həssas münasibət bəsləyir, etiqad və inanclarımızın təbliği və təşviqinə böyük qayğı ilə yanaşır. Respublikamızın qlobal əhəmiyyətli bir sıra mühüm forumların təşkilatçısı kimi çıxış etməsi də dediklərimizi təsdiqləyir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, V Bakı Qlobal Forumu, ənənəvi Bakı Beynəlxalq Humanitar Forumu, yaxın günlərdə paytaxtımızda təşkil olunacaq IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə, mayın ortalarına təsadüf edəcək IV İslam Həmrəyliyi Oyunları, ötən il baş tutan Roma Papasının Azərbaycana səfəri və səfər zamanı verdiyi bəyanatlar humanizmə və həmrəyliyə çağırış edən əlamətdar tarixi hadisələr kimi yadda qalır.

2016-cı ilin "Multikulturalizm ili” elan edilməsi Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycanın dünya miqyasında multikulturalizmin mərkəzinə çevrilməsinə gətirib çıxardı. Planetin ayrı-ayrı məntəqələrində münaqişələrin cərəyan etdiyi, Avropada miqrant böhranının pik nöqtəsinə çatdığı, müxtəlif yerlərdə ayrı-seçkiliyin artdığı, islamofobiya ilə bağlı açıq şəkildə aqressiv siyasətin yürüdüldüyü bir vaxtda Bakıdan bütün dünyaya sülh, humanizm, barış mesajlarının verilməsi ölkəmizin multikultural dəyərlərin daşıyıcısı olduğunu sübuta yetirdi. Məhz Azərbaycanda müşahidə edilən sabitliyi və dinlər, mədəniyyətlərarası barışı nəzərə alan dövlət başçısı multikulturalizmin ölmədiyini və Azərbaycan timsalında mövcud olduğunu bəyan etdi. "Azərbaycan bir daha dünyaya göstərdi ki, multikulturalizm, onun ideyaları yaşayır və yaşamalıdır. Azərbaycan kimi ölkələrin sayı getdikcə artmalıdır. Əfsuslar olsun ki, bəzi dünya səviyyəli siyasətçilər də multikulturalizmlə bağlı təhlükəli ifadələr işlədir. Ümid edirəm ki, bu sahədə də müsbətə doğru dönüş yaranacaq və beynəlxalq ictimaiyyət daha dərindən dərk edəcək ki, dünyanın multikulturalizmdən başqa yolu yoxdur. Azərbaycan öz tərəfindən bu istiqamətdə, əlbəttə ki, səylərini davam etdirəcək”.

Prezident İlham Əliyevin bu siyasi xəttinin ölkə daxilindəki bütün konfessiya və millətlərə bərabər şəkildə paylanmasının xüsusi əhəmiyyəti oldu. Məhz belə bir siyasi xətt ölkənin multikultural təhlükəsizliyini təmin etdi. Bu, Azərbaycanda daxili əmin-amanlığı, xarici müstəvidə isə özünə olan inamı möhkəmləndirdi.

Həmrəyliyə aparan yol

Bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək və respublikamız çox önəmli beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu, təkcə idman tədbiri deyil, həm də siyasi, mədəni tədbirdir və böyük ictimai hadisədir. Oyunların önəminə diqqət çəkən Prezident bildirir ki, islam oyunları bir daha Azərbaycanın müstəqil, İslam dəyərlərinə sadiq ölkə olduğunu göstərir, eyni zamanda, həmin turnir İslama qarşı çirkin kampaniya aparanlara da qəti cavab olacaq. Bu gün belə bir rəy formalaşdırılır ki, İslam geridə qalmış sivilizasiyadır. Qərb siyasi dairələri həm mediada, həm ictimai fikirdə, həm də müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində İslamın dünya üçün təhlükə olduğunu təbliğ edir, onu terrorizmlə eyniləşdirir, islamofobiyaya rəvac verir, xalqları dinə görə bölür, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv ölkələrin bəzilərinin rəhbərləri "Stop İslam” deyirlər. Bir çox hallarda miqrantlar arasında fərqlər qoyulur və onlar dini kriteriyalara görə fərqləndirilirlər. Başqa sözlə desək, Azərbaycan 2 il ərzində multkulturalizmdən islam həmrəyliyinə doğru sıçrayış xarakterli addımlar atdığı halda, Qərb dünyası milli və dini ayrı-seçkilik metodlarının tətbiqinə çağırışlarla yadda qaldı. Bu baxımdan, İslam Həmrəyliyi ili çərçivəsində İslam Həmrəyliyi Oyunlarının təşkili tərbiyəvi və barış spesifikası ilə də seçilməlidir.

Azərbaycanın inkişaf perspektivləri, dünyadakı yeri, yüksək imici rəsmi Bakının bu istiqamətdə mövqeyini daha da möhkəmləndirir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İSESKO və digər mötəbər qurumların üzvü kimi İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurur, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edir, ölkə daxilində milli həmrəyliyin və vətəndaş sülhünün gücləndirilməsi üçün mütəmadi qərarlar, əfv fərmanları qəbul olunur. 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi Prezident İlham Əliyevin İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir. Dövlət başçısı imzaladığı sərəncamla tarixdə ilk dəfə İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə diqqət çəkdi. Həqiqətən də, bu gün İslam ölkələrində baş verən hadisələr, bu dövlətlər qarşısında duran çağırışlar islam həmrəyliyini aktual məsələyə çevirir. Qloballaşmanın amansız müharibələr və humanitar fəlakətlərlə çulğaşdığı bir dövrdə dini, etnik, irqi dözümlülük mexanizmlərinin yaradılması sivilizasiyamızın gələcəyi baxımından qaçılmazdır. Dünyada gedən proseslərə, bir çox kataklizmlərə, müxtəlif ölkələrdə baş verən fəlakətlərə baxmayaraq, Azərbaycan bütün bunlardan həm iqtisadi müstəvidə, həm mədəni-mənəvi müstəvidə ləyaqətlə çıxa, öz varlığını və möhtəşəm tarixini bir daha ortaya qoya bildi. Multikulturalizm məsələləri üzrə dövlət müşaviri Kamal Abdullayevin fikrincə, İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii bir davamıdır. Bu həmrəylik ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Dövlət başçısının Azərbaycanı bu il həmin ideyaların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır.

Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsi olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addım hesab olunur. Sivilizasiyaların əsas mərkəzlərindən biri kimi tolerant və multikultural ənənələrə hər zaman sadiq olan respublikamız İslam dünyasında bu və ya digər problemlərin həllində özünəməxsus rola və nüfuza malikdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edir ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə dövlət başçısının birbaşa göstərişi ilə inşa olunmuş, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidində vəhdət namazlarının qılınması İslam dünyasına bir mesajdır. Bununla Azərbaycan bütün dünyaya İslamda olan ayrı-ayrı məzhəblər arasındakı qarşıdurmaların aradan qaldırmasının örnəyini göstərir.

Beləliklə, Azərbaycanda elan edilən İslam həmrəyliyi ili çərçivəsində müsəlman dünyasına barış mesajları göndərilən silsilə tədbirlər keçirilməkdədir. Bu tədbirlərin ilin sonuna qədər olan bir dövrü əhatə etməsi Prezident İlham Əliyevin irəli sürdüyü əməkdaşlıq modelinin effekt verəcəyinə inamı sürətlə artırır. Cari ilin ötən günləri ərzində təşkil olunan tədbirlər, islam ölkələri liderlərinin bəyanatları da həmrəyliyin sözdə deyil, əməldə reallaşacağından xəbər verir. Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün müəyyən etdiyi humanizm, dialoq yolu bu gün ölkə başçısı və Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Biz də inanırıq ki, "İslam Həmrəyliyi İli” ölkəmiz və bütün İslam dünyası üçün uğurlu illərdən biri olacaq, İslam mədəniyyətinin təbliği və təşviqi, ənənələrinin qorunması, İslam dininin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması və ən əsası, İslamı gözdən salan dairələrin hərəkətlərinə qarşı arqumentlərin ortaya qoyulması istiqamətində verilən töhfələrlə yadda qalacaq.

Xəbər lenti