XƏBƏR AXIŞI

Dopinq qalmaqalı idmançımıza London olimpiadasının gümüş medalını qazandırdı

  • 80 nəfər oxuyub
Azərbaycan Olimpiya tarixinə daha bir medal əlavə olunub. Apasport.az saytının məlumatına görə, son illər yalnız əleyhimizə işləyən dopinq qalmaqalları bu dəfə yığmamız mükafat bəxş edib.
 
Özü də bu ən qalmaqallı idman növümüz olan ağırlıqqaldırmada rəsmiləşib. Buna London Olimpiadasında 94 kq çəki dərəcəsində körpücük üzərinə çıxan İntiqam Zairov imza atıb.
 
Yarışları 6-cı yerdə başa vuran 397 kq (182 kq + 215 kq) atlet sonradan dopinqdə "ilişsə” də, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən bəraət alıb. Bu çəki dərəcəsində öncədən 6 idmançı cəzalandığından bunlardan birinin, yəni Zairovun "təmizə” çıxması onun sıralamada da irəliləməsinə səbəb olub. Nəticədə həmyerlimiz Olimpiadanın gümüş medalına yiyələnib.
 
Londonda 5-ci olan iranlı Səid Məhəmmədpurkarkara isə çempion elan edilib. Bürünc mükafat isə koreyalı, Londonda 8-ci olan Min Jae Kimə nəsib olub. Bütün bunlara səbəb ilk "dördlük”də qərarlaşanların – İlya İlin (Qazaxıstan), Aleksandr İvanov (Rusiya), Anatoli Kiriku (Moldova), Andrey Demanov (Rusiya), həmçinin 7-ci olan Almaz Utisovun (Qazaxıstan) cəzalanması olub.
 
Bununla, London-2012-də qazanılan medalların sayı 11-ə çatıb. 2 qızıl, 2 gümüş və 6 bürüncü olan yığmamız ikinci yerlərinin sayını 3-ə çatdırıb. //musavat.com
 
7News.az