XƏBƏR AXIŞI

Deputatlar telekanalları RÜSVAY ETDİ: "AzTV və İctimai tv dəyişməlidir"

  • 312 nəfər oxuyub

Millət vəkilləri yerli televiziyaları cəmiyyətə mənəvi zərbə vurmaqda ittiham ediblər.


Televiziyalar düşünməsinlər ki, Azərbaycan cəmiyyətinin maraqları ancaq şit, yüngül, bayağı, dedi-qodu səviyyəsindədir. Bu cür düşünən televiziyaların aqibəti məlumdur və onlar mənəvi müflis olacaqlar.
Bu sözləri millət vəkili Nizami Cəfərov deyib. Professor hesab edir ki, televiziyalarda ümumi səviyyəni qaldırmaq lazımdır:

"Bütün verilişlər çox bərbad vəziyyətdə olduğunu deyə bilmərik. Əlbəttə, bəzən yaxşı verilişlər də olur. Ancaq ümumi götürdükdə keyfiyyətsiz verilişlərin sayı daha çoxdur və bu artır. Bu isə daha çox müğənnilərin və özünü göstərməkdə xüsusi marağı olan müəyyən zümrələrin aparıcılığından qaynaqlanır. Məhz bunun qarşısını almaq lazımdır. Ona görə də ictimai müzakirə vacibdir və bu proses gedir. Bu və ya digər televiziya, veriliş hər zaman ictimai müzakirə obyekti olur. Bundan imtina etmək lazım deyil, bu, bir inersiya, yəni təbii şəkildə gedən müzakirə prosesləridir. Çıxış yolu ondadır ki, hər bir televiziya öz veriliş və proqram siyasətini müzakirə etməli və peşəkarlıq səviyyəsini artırmalıdır. Bunun üçün hər cür şərait var. Televiziyalar bu gün Azərbaycan cəmiyyətinin səviyyəsi və maraqları ilə, eləcə də dünya televiziyaları ilə müqayisələr apararaq öz veriliş siyasətlərinin keyfiyyətinə nəzarət edə bilərlər. Televiziyalarda dilin səviyyəsi verilişlərin xarakteri ilə bağlıdır. Yəni verilişlərdə bayağılıq, yüngüllük olacaqsa, istər-istəməz dil də korlanacaq. Dil təfəkkür və ictimai şüurla bağlıdır. İlk növbədə bu məsələdə əsas yük televiziyaların üzərinə düşür. Heç zaman düşünməsinlər ki, Azərbaycan cəmiyyətinin maraqları ancaq şit, yüngül və bayağı, dedi-qodu səviyyəsindədir. Bu cür düşünən televiziyaların aqibəti məlumdur və onlar mənəvi baxımdan iflas olacaqlar”.

Millət vəkili Aydın Mirzəzadə də bir-iki kanalı çıxmaqla, televiziyalarımızdan böyük narazılığını ifadə edib:

"Çox təəssüf ki, toyxana əhval-ruhiyyəli verilişlərin sayı durmadan artır. Gənclərimizi tarix, mədəniyyət, elm və inkişafa səsləyən verilişlər əvəzinə, cəmiyyətdə nüfuzu olmayan insanlara saatlarla vaxt ayrılır. Çox bayağı mövzular ortaya atılır. Əgər bu, vəsait qazanmaq və yaşamaq uğrunda mübarizədirsə, həmin pullar cəmiyyətin mənəviyyatına vurulan zərbə nəticəsində əldə edilir. Yox əgər həyatı real olaraq göstərmək istəyirlərsə, niyə görkəmli ziyalı və tarixi şəxsiyyətləri və bəşəriyyəti inkişafa aparan mövzular barədə verilişlər görmürük?

Hesab edirəm ki, hər bir telekanal müstəqil siyasət yeritmək hüququnu qorumaqla yanaşı, cəmiyyətin inkişafına kömək barədə də düşünməlidir. Təəssüf ki, telekanallar özlərinin proqram siyasətində dəyişiklik aparmırlar, ancaq əyləncəli verilişlər çoxluq təşkil edir. Bu problem bütün televiziyalarda strateji məsələ kimi müzakirə olunmalı və bundan nəticələr çıxarılmalıdır”.

Millət vəkili Fazil Mustafa bildirib ki, televiziyalarda tok-şouların sayı artırılarsa, müzakirə və siyasi debatlar çoxluq təşkil edərsə, bu gün efiri dolduran bayağı verilişlər özü gündəmdən çıxar:
"Məncə, problemin həlli üçün tamam başqa bir variant tapılmalıdır, alternativlər artmalıdır ki, bütövlükdə televiziya məkanı hazırkı mənasız verilişlərdən azad olsun. Son zamanlar bir neçə maraqlı veriliş var ki, onları izləyirəm. İnsanların faydalana biləcəyi bu cür verilişlərin sayı artırılmalıdır. Onda bazar iqtisadiyyatında necədirsə, televiziyaların da rəqabət mühitində mənasız verilişlər avtomatik olaraq gündəmdən çıxacaq”

Millət vəkili Asim Mollazadə dəfələrlə bu mövzu ilə bağlı televiziyalara öz iradlarını bildirdiyini qeyd edib:
"Azərbaycanda televiziyalarının aşağı peşəkarlıq səviyyəsi təəssüf doğurur. Hesab edirəm ki, artıq bu istiqamətdə müəyyən addımlar atılmalı, çox ciddi işlər görülməlidir. Bu, ilk növbədə, İctimai Televiziyaya və AzTV-yə aiddir. Baxmayaraq ki, ən az qüsur onlardadır, ancaq hesab edirəm ki, onların kadr potensialı və imkanları efir gündəmini müəyyənləşdirməkdə liderlik etmələri üçün daha genişdir. Mənə elə gəlir ki, ilk olaraq onlar köklü dəyişikliklərə başlamalıdırlar”.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva son zamanlar televiziyalarda bayağı verilişlərin getdikcə artmasını sərt tənqid edib, gəncləri bu cür proqramlardan uzaq durmağa, elmə, təhsilə daha çox vaxt ayırmağa çağırıb.//axar.az
 
7News.az