XƏBƏR AXIŞI

"Biznes qurumları QHT-lərə etibarlı tərəfdaş kimi yanaşmalıdır" — Vüsal Quliyev

  • 316 nəfər oxuyub

Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatı dəstəyi ilə "Gənc Mühasiblər İctimai Birliyi”nin icra etdiyi "QHT-Biznes əlaqələrinin gücləndirilməsi" adlı layihə çərçivəsində Korporativ Sosial Məsuliyyət mövzusunda "Hyatt Regency” otelində dövlət rəsmilərinin, sahibkarların, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.

Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafı, QHT-lərə dövlət dəstəyi, onların fəaliyyəti üçün əlverişli mühitin mövcud olması barədə fikirlərini bölüşmüşdür. Bildirmişdir ki, dövlət hər zaman QHT-biznes münasibətlərinin inkişaf etdirilməsi üçün zəruri addımlar atmış, həmin qurumlar arasında əməkdaşlığı təşviq etmişdir. Məhz bu baxımdan da QHT Şurası qrant müsabiqələrində QHT-biznes münasibətlərinin inkişaf etdirilməsinə dair təşəbbüslərin dəstəklənməsinə xüsusi önəm verir. Bu tədbirlərin keçirilməsi, QHT və biznes təmsilçilərin bir araya gələrək əməkdaşlıq imkanlarını müzakirə etməsi çox əhəmiyyətlidir.

V.Quliyev korporativ sosial məsuliyyətin təşkilatın cəmiyyətə təsirinin qiymətləndirilməsi və onların məsuliyyətlərinin dəyərləndirilməsi prosesi olduğunu diqqətə çatdırmışdır. O, korporativ sosial məsuliyyətin subyekti olan qurumların üzərinə böyük məsuliyyət düşdüyünü də qeyd etmişdir. Biznes qurumları bu məsələdə daha çox səy göstərməlidir. Onlar QHT-lərə əməkdaşlıq imkanları açmalı, QHT-lərə etibarlı tərəfdaş kimi yanaşmalıdır. Təbii ki, QHT-lər istədikləri təşəbbüslərlə biznes qurumlarını narahat da etməməlidir. Çünki, hər bir biznes qurumunun özünəməxsus profili, habelə KSM siyasəti ola bilər. Buna görə QHT-lər ilk növbədə əməkdaşlıq etmək istədikləri biznes qurumlarını, onların fəaliyyət dairələrini, əvvəlki KSM layihələrini, onlarla əməkdaşlığın formalarını və s. dərindən öyrənməli, daha sonra isə müraciət etməlidir. Əks halda bu müraciətlər uğursuz alınacaq.

Daha sonra Vergilər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, müxtəlif beynəlxalq təşkilatların, aparıcı şirkətlərin, QHT-lərin və ticarət palatalarının nümayəndələrinin, habelə KSM ekspertlərinin çıxışları dinlənilmişdir.

7News.az