XƏBƏR AXIŞI

´BİZİ XİLAS EDƏN BARLAR, PİVNOYLAR, FAHİŞƏXANALARDI´ - Səbuhi Abbasov yazır

  • 4087 nəfər oxuyub

Universitetində 2-ci kursda oxuyurdum. Ailəmizdə çətin anlar yaşanmağa başlamışdı. Artıq valideynlərdən gələn pul dayanmışdı, birtəhər də olsa öz başımızı girrəməli idik. Vəziyyət sonra daha da qəlizləşəcəkdi, bizdən evə kömək gedəcəkdi. Bunları dərk edib iş axtardım, dərsdən sonra redaksiyalarda çalışdım. Proqramlaşdırmanı, dizayn biliklərini də məhz pul qazanmaq üçün artırdım. Heç bir halda elmdən, təhsildən uzaqlaşmadım. Amma hər dəfə dayanacaqda duranda bahalı maşınlarla dərsə gəlib-gedənlərə həsədlə baxırdım.

ELƏ BİLİRDİM HARINLAMAQ ELİTAR HƏYAT TƏRZİNİN BİR PARÇASIDIR. SƏN DEMƏ XƏSTƏLİK İMİŞ...

Bir dəfə dərsdən çıxıb işə gedirdim. Rəşid Behbudov küçəsində Range Roverlə Porshenin maraqlı yarışma etdiyinin şahidi oldum. Deməli Porshe Roveri arxadan sıxmalı idi. Rover isə əyləci basılı saxlayaraq maksimum tərpənməməyi təmin etməli idi. Mübahisənin ən qızğın çağında təsadüfən bildim ki, hər iki maşında yarışsonrası bufer yarasız hala düşür, mütləq dəyişməli idi və hər ikisinin qiyməti 10 min dollardan bahadı. Həmin gün cəmiyyətdə niyə bu qədər kəskin uçurumların olması barədə ciddi şəkildə düşünməyə başlamışdım. Bir ali təhsil müəssisəsində onlarla professorun, alimin dərd içində yox olduğunu görübən digər tərəfdən bu qudurğanlığa, harınlığa şahid olmaq çox ağır idi mənə. Təxminən 1 ay sonra 240 min dollara alınan o Range Rover Şamaxı yolunda elə 240 sürətlə yük maşınına girmişdi, yanında fahişə, özü də hallı...Atanın başı ağardı, ananın dili tutuldu, övlad atasız qaldı...Ən ağır "pay" isə gəlinin üzərinə düşdü: "Yoldaşınız fahişə ilə birlikdə sükan arxasında sevişərkən ölüb". Dünən Bakıda baş verən hadisə əslində baş verəcəklərin çox cuzi bir hissəsidir. Əslində mövcud təhlükənin, partlamayan çəlləyin hardasa 10 faizidir.

BİZİ XİLAS EDƏN BARLAR, PİVNOYLAR, FAHİŞƏXANALARDI ƏZİZLƏRİM!

Çünki yol terrorunun subyektləri öz zəhərlərini bu obyektlərə tökməsələr bizim üzərimizə tökəcəklər, buna əmin olun. Prezident mənim yadımda olan azı 10 dəfə ciddi şəkildə iradını bildirib. Hətta bu qudurğan məmur övladlarına görə bəzi qanunlar da sərtləşdirilib. Bir neçə vəzifəli şəxs məhz öz övladına görə işdən qovulub, mülkü müsadirə olunub. Amma nə çarə. Dövlətin strateji, həm də həssas müəssisəsinə rəhbərlik edən şəxsin nəvəsi yarım milyonluq maşını Heydər Əliyev prospektində niyə yandırsınki? Hələ bu sualı başqa cür də vermək olar. Nəvə yarım milyonluq maşın sürürsə toplam ailədə yəqin ki, yarım milyardlıq mülk var. Hardandı bu qədər vəsait? Niyə öz korrusiyalaşmış varidatınızın heç olmasa 10ca faizini texniki inqilablara, istedadlı gənclərə, elm, gənclər mərkəzlərinə yatırmırsınız? Çox demirəm cəmi 10 faiz pulunuzu yatırın sosial layihələrə, istehsal mühitinə, istedadlı gənclərə şərait yaradın, gənc, sağlam ailələrə dəstək olun. Onsuz sizin kimi məmurların insan kapitalı siyasəti Gallenvageni yandırmaqdan o tərəfə keçə bilmir. Ən yaxşı halda isə övladlarınız Porshenin şinini yoxlamaq üçün 24 yaşlı ananın üzərindən keçə bilər. O harınlamış məmur övladlarının komunu yığın bir yerə, çox demirəm 1-2 sual verin. Dağlıq Qarabağdan, ölkəmizə qarşı olan beynəlxalq siyasi hücumlardan, milli maraqlarımızın müdafiəsindən. Bari başqalarına dəstək olun. Bir dəfə heç olmasa Mehriban xanım Əliyevanın apardığı kadr siyasətinə nəzər yetirin. Bütün ölkə xanımın bacarıqlı gənclərə, istedadlı alimlərə verdiyi dəstəkdən, yaratdığı şəraitdən danışır. Ölkədə olan şəhid ailələri, onların məişət şəraiti, övladları hamsı xanımın ciddi himayəsindədir. Uzağa getmirəm, Prezidentin tək bu il qəbul etdiyi qərarlara diqqət yetirin, attığı addımlara baxın, nəticə çıxarın. Gənc nəslin daha sağlam, çevik, intellektual olması üçün ayrıca olaraq PA-da Gənclər Şöbəsi yaradıldı. Niyə Prezidentə bu yolda dəstək olmursunuz ay məmurlar? Niyə xalq arasında onun nüfuzunu xərcləməklə məşğulsunuz? Niyə elə hər şeyə Prezident müdaxilə etməlidir? Əksər icra başçıları regionlara öz şəxsi mülkləri, obyektləri kimi baxırlar.

ÖZLƏRİ RAYON ADAMININ QANINA DARAŞIBLAR, ÖVLADLARI İSƏ BAKI ADAMININ...

Media və QHT sektoru bu istiqamətdə Prezidentin ən yaxın silahdaşı olmalı, bu gərgin mübarizədə ona dəstəkçi olmalıdırlar. Yeganə çıxış yolu budur....

 

Səbuhi Abbasov