Binəqədi rayonunda 28 May Respublika Günü ilə bağlı Müstəqilliyimiz sarsılmaz, dövlətimiz əbədi olsun! adlı tədbir keçirildi

Binəqədi rayonunda 28 May Respublika Günü ilə bağlı Müstəqilliyimiz sarsılmaz, dövlətimiz əbədi olsun! adlı tədbir keçirildi

Mayın 25-də Binəqədi rayon İcra Hakimiyyəti ,Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümünə həsr edilmiş bayram tədbiri keçirilmişdir.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, RİH başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov,Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun səhiyyə, məktəbəqədər və orta ümumtəhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, "Şahinlər” hərbi-idman oyununun qalib komandaları, ASAN Könüllüləri, fəal gənclər iştirak ediblər.

Tədbirdən öncə Heydər Əliyev adına istirahət parında 297 saylı orta məktəbin şagirdlərinin ifasında flaşmob nümayiş olunub.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir açıq elan edilmişdir.

Tədbiri giriş nitqi ilə başlayan Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirmişdir.

Daha sonra çıxış edən RİH başçısının müavini Aygün Əliyeva nitqində 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğulamış, 1993–cü ildə Azərbaycan xalqının israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn ulu Öndər və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirməsindən bəhs etmiş və tədbir iştirakçılarını qarşıdan gələn "28 May- Respublika Günü” münasibəti ilə Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təbrik etmişdir.

Sonra Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi yol haqqında Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov geniş məlumat vermiş və bildirmişdir ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdı.Məhz buna görə həmin süqutdan 71 ildən sonra, 1991-ci ildə Azərbaycan SSR-nin oraq-çəkicli al bayrağını endirib müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu qumaşını yenidən ucaldanda biz Cümhuriyyətə, onun şanlı tarixinə və siyasi mirasına sahib çıxdıq. Natiq onu da qeyd etdi ki, İstiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Amma gerçək istiqlal, sadəcə, bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. Bu istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq, nəhayət, dövlətçiliyi dönməz və əbədi etmək üçün səriştə, təcrübə, fəhm, uzaqgörən siyasət və iradə ardıcıllığı zəruridir. Yalnız bu keyfiyyətlərin daşıyıcısı olan liderə xalq şərtsiz arxalana, özünün taleyini ona həvalə edə bilər.

Çıxışlardan sonra "Şahinlər” hərbi-idman oyununun qalib komandaları mükafatlandırılmışdır.

Rəsmi hissə bitdikdən sonra 177, 158 saylı körpələr evi-uşaq bağçalarının, M.Maqomayev adına 26 № - li onbirillik Uşaq Musiqi Məktəbi və Bakı Humanitar Kollecin rəqs ansamblının hazırladığı kompozisiya nümunələri nümayiş olunmuşdur.

Tədbir Azərbaycanın üçrəngli bayraqlarını səhnədə dalğalandırılması ilə yekunlaşmışdır.

 

 

7News.az


Xəbər lenti