XƏBƏR AXIŞI

Azərbaycanlı gəncin rəhbərlik etdiyi beynəlxalq təşkilatın növbəti toplantısı keçirilir

  • 509 nəfər oxuyub
Avropa Gənclərinin Mobillik Şəbəkəsi 2016-cı il dekabrın 6-14-də Niderlandda növbəti toplantısını keçirir.

Şəbəkənin rəhbəri, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov bu məqsədlə həmin ölkədə səfərdədir.
E.Aslanov səfərlə bağlı öz fikirlərini bildirmişdir: "Biz 2 il öncə Bakı şəhərində bu Şəbəkəni təsis edən zaman əsas məqsədimiz müxtəlif ölkələrdən olan gənclər təşkilatları arasında təcrübə mübadiləsi prosesini gücləndirmək idi. Yəni, müxtəlif proqramlar, layihələr vasitəsilə müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirmək istəyirdik. Əminliklə deyə bilərəm ki, Şəbəkə 2 il ərzində qarşıya qoyan məqsədlərə çatmışdır. Artıq Şəbəkəyə qoşulmaq üçün müxtəlif ölkələrdən olan təşkilatlar bizə bununla bağlı öz niyyət məktublarını ünvanlayırlar. Niderlandda təşkil edilən bu görüş isə həm keçən 2 il müddətində edilən işlərin qiymətləndirilməsini aparmaq, həmçinin, yeni strategiyalar barədə müzakirələr etmək baxımından çox əhəmiyyətlidir. Orvelte şəhərində təşkil ediləcək görüşdə müxtəlif ölkələrdən qoşulacaq yeni üzv təşkilatların qəbulu prosesi, idarəetmə strukturu, maliyyələşdirmə mexanizmləri, ictimaiyyətlə əlaqələr strategiyası və digər məsələlər barədə müzakirə aparmaq və strategiya sənədlərinin qəbulu nəzərdə tutulmuşdur. Mən inanıram ki, Avropa Gənclərinin Mobillik Şəbəkəsi Azərbaycandan olan gənclər təşkilatlarına da yeni imkanlar təqdim etmək baxımından çox önəmlidir. Biz çalışacağıq ki, həm Avropa Birliyinin müxtəlif proqramları çərçivəsində, həm Avropa Könüllülük Xidməti, o cümlədən yeni yaradılacaq Avropa Həmrəylik Korpusu çərçivəsində Azərbaycandan olan gənclər təşkilatlarının Avropanın müxtəlif ölkələrindən olan təşkilatlarla əməkdaşlıq qurmasına yardımçı olaq. Bu sahədə təşkilatlarımızı aktiv olmağa səsləyirik.”
Səfərdə Şəbəkənin beynəlxalq əlaqələr üzrə proqram rəhbəri Həmid Qasımov da iştirak edir.
Qeyd edək ki, Avropa Gənclərinin Mobillik Şəbəkəsi 2014-cü ildə Bakı şəhərində Avropanın 10 ölkəsindən olan aktiv gənclər təşkilatlarının iştirakı ilə təsis edilmişdir.