"Azərbaycanda söz və məlumat azadlığı üçün həm hüquqi, həm də iqtisadi baza mövcuddur" - QHT sədri

Səbuhi Abbasov: "Azad, demokratik medianın əsasını məhz Ulu Öndər Heydər Əliyev qoyub"

Ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində müntəzəm olaraq addımlar atılır. Xüsusilə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu sahəyə diqqət daha da artdı. Ölkəmiz demokratik cəmiyyətin bir parçası kimi KİV-in, medianın inkişafını başlıca prioritet hesab etdi, bu istiqamətdə məqsədyönlü addımlar atdı, qanunvericilik bazası formalaşdırıldı. Məlumat üçün qeyd edək ki, məhz görülən işlər nəticəsində tən illər ərzində Azərbaycanda çoxlu sayda jurnalist təşkilatı qeydiyyatdan keçdi, onlarla təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olmağa başladı. Ölkədə mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı da artdı. Hazırda 20-dən artıq mətbuat yayımı firması paytaxt və bölgələrdə geniş fəaliyyət göstərir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaratdı və ölkədə müasir internet şəbəkəsi formalaşdı. Azərbaycan Prezidenti 17 fevral 2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"sını təsdiq etmiş və bununla da qarşıdan gələn dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf istiqamətləri müəyyən olundu. Strategiya çərçivəsində "Elektron Azərbaycan - 2005-2008-ci illər" və "Elektron Azərbaycan - 2010-2012-ci illər" dövlət proqramları qəbul olundu və icra edildi. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 80-ə yaxın təşkil edir. İnternet provayderinin sayı isə 40-a çatıb. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşıb ki, bu da ümumdünya orta göstəricisindən 2 dəfə yüksəkdir. Bölgələrdə internet istifadəçilərinin sayı 12-15 dəfə çoxalıb. Ucqar kəndləri də nəzərə almaqla Azərbaycanın bütün bölgələrində internetdən istifadə etmək üçün şərait yaradılıb. Bu gün 9 milyon əhalisi olan ölkədə 2 milyondan artıq yaxın sosial şəbəkə, o cümlədən 1.2 milyon Facebook istifadəçisi, vardır. 2011-ci il mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil ediblər. Elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılıb. Bütün bu atılan addımlar yuxarıda qeyd etdiyimiz kimi ölkədəikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə hesablanıb. Bəs görəsən bu sahənin mütəxəssisləri, KİV rəhbərləri mövcud durumu necə dəyərləndirirlər? Bu və ya digər suallarla 7news.az internet portalının baş redaktoru Səbuhi Abbasova müraciət etdik.

-Səbuhi müəllim, Azərbaycanda mətbuatın vəziyyətini necə dəyərləndirərdiniz?

-Bu gün dünyada mətbuatın inkişafı ilə bağlı maraqlı tendensiyalar müşahidə olunmaqdadır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bütün sahələrdə olduğu kimi mediadan da yan keçmədi. Əgər 20 il öncə televiziya və kağız mətbuatı üstünlüyü ələ almışdısa, bu gün əsas güc internet medianın üzərinə düşür. Son illərin yeni tendensiyası hesab olunan sosial media isə ən yeni növ kimi dünyanı cənginə almaqdadır. Azərbaycan isə dünyada demokratik, internetin azadlığına görə ön sırada gedən ölkə kimi tanınır. Bunu biz yox, dünyanın nüfuzlu statistik araşdırmalar mərkəzləri də qeyd edirlər. Təbii ki, ölkəmizdə azad mediadan, ümumiyyətlə medianın inkişafından danışanda ilk növbədə ağlımıza Ulu Öndər Heydər Əliyevin ən çətin məqamlarda verdiyi qərarlar yada düşür. Tam məsuliyyətlə və cəsarətlə demək olar ki, Azərbaycanda azad, demokratik medianın əsasını məhz Ulu Öndər Heydər Əliyev qoymuşdur.

-Ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində zaman-zaman atılan addımlar medianın müstəqilləşməsinə nə dərəcədə müsbət təsir göstərib?

-1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında da yeni səhifə açıldı. Həmin illərdə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılması əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Əvvəllər yalnız senzuralı mətbuat mövcud idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mətbuatda ilk növbədə mövcud problemlər aradan qaldırıldı, azad söz, müstəqil mətbuat üçün geniş imkanlar yarandı, senzura ləğv olundu. Mətbuatın inkişafına maneçilik törədən süni məhdudiyyətlərə son qoyuldu, onun inkişafına və təkmilləşdirilməsinə yönəldilmiş qanunvericilik bazası gücləndirildi, müasir dünya standartlarına uyğunlaşdırıldı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirildi, güzəştlər müəyyənləşdirildi. Bununla əlaqədar bir çox fərman və sərəncamlar imzalandı. Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra istər müstəqillik aktında, istərsə də Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycanın dünyəvi, demokratik, hüquqi dövlət elan olunması və həmin konstitusiyanın 50-ci maddəsində "Məlumat azadlığının təsbit olunması, hələ ondan əvvəl, 1992-ci ildə ilk dəfə Parlament tərəfindən "KİV haqqında" Qanunun qəbul edilməsi jurnalistikanın inkişafına güclü təkan verdi. Bütün bu faktlar Azərbaycanda ənənvi media orqanlarının inkişafı ilə yanaşı, ilk İnternet-media nümunəsinin yaradılması üçün də geniş imkanlar yaradırdı. Demokratik cəmiyyətlərin hərtərəfli inkişafı üçün zəruri olan əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Azad mətbuat, azad söz demokratiya və aşkarlığın, insan haqlarının mühüm amillərindən sayılır. Azad söz, azad mətbuat olmayan ölkədə demokratik təsisatlardan da danışmaq əhəmiyyətsizdir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanda azad medianın inkişafı üçün həm hüquqi, həm də iqtisadi baza mövcuddur.

-Azərbaycanın medianın inkişafı sahəsində regionun lider dövləti rolunu oynamasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində görülən işləri necə xarakterizə etmək olar?

-Təbii ki, bu birmənalı şəkildə belədir. Müasir Azərbaycan mətbuatı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində dünya mediasına inteqrə olunma mərhələsindədir. Bu prosesdə əsas iş mətbuatla bağlı qəbul edilən qərarlar, eyni zamanda mətbu orqanlara dövlət tərəfindən verilən maddi və mənəvi dəstək birmənalı şəkildə böyük rol oynayır.

-Bu gün mətbuat nə dərəcədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə öz töhfəsini verir?

-Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində mühüm əhəmiyyət kəsb edirlər. Bu orqanların qarşısında duran ən ümdə vəzifə cəmiyyətə doğru,dürüst və operativ informasiya ixrac etməkdən ibarətdir.

-Fikir və söz azadlığından sui-istifadə edən KİV-lər barədə sizcə hansı addımlar atılmalıdır?

-Bu gün medianın əsas problemlərindən biri söz azadlığından sui-istifadə halları ilə bağlıdır. bu problem getdikcə azalır. İndi daha çox problem "reket jurnalistika" ilə bağlıdır. Bəzi insanların ayrı-ayrı media qurumları formalaşdıraraq cinayət əməlləri törədilməsi ilə bağlıdır ki, burada mətbuatda söz azadlığından sui-istifadədən daha çox mətbuat və söz azadlığının altında gizlənmək istəyi və niyyəti var. Burada açıq şəkildə görünür ki, bu insan ictimai-siyasi müstəvidə informasiya siyasəti həyata keçirir və yaxud onun məqsədi cinayətkarlıqla məşğul olmaqdır. Əslində jurnalistika reketçiliklə məşğul deyil, reketçiliklə konkret şəxslər məşğul olur və onlar da jurnalistika sözünün arxasında gizlənirlər. Ona görə də belələrinə qarşı hər hansı güzəşt eləmək olmaz. Belələrinə qarşı hüququn dili ilə mübarizə aparmaq lazımdır

-Dövlətin mətbuata göstərdiyi diqqət və qayğı fikir və söz azadlığının daha da inkişaf etməsinə nə dərəcədə dəstək olur?

-Azərbaycanda KİV-lə bağlı qanunlar beynəlxalq standartlara cavab verir. Hazırda kütləvi informasiya vasitələri biliklərin və siyasi cəhətdən mühüm məlumatların yayılmasının başlıca daşıyıcısıdır. Kütləvi informasiya vasitələri ictimai şüurun inkişafına faydalı və yaradıcı təsir göstərir, fəal düşünən ləyaqətli insan şəxsiyyətinin tərbiyələndirilməsində özünəməxsus sanballı rol oynayır. Məhz bütün bu faktorları nəzərə alaraq Azərbaycan höküməti mediaya xüsusi diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstək Fondunun yaradılması. jurnalistlərin mənzil probleminin həll olunması və bu kimi digər addımlar isə dünyada nümunə, model kimi qəbul edilir. Hesab edirəm bu gün bizim ən böyük problemlərimizdən biri də məhz peşəkarlıqla bağlıdır. Bizim azad fəaliyyətimiz üçün ölkədə kifayət qədər münbit şərait yaradılıbdır. Bu mənada ilk növbədə dünyanın "həzm" edəcəyi formada informasiya ixrac etməyi bacarmalıyıq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

OLAYLAR.az

Xəbər lenti