XƏBƏR AXIŞI

Azərbaycançılıq və milli ideologiya - Rövşən Əvəzoğlu yazır

  • 903 nəfər oxuyub

"Azərbaycan Respublikası bütün dünya azərbaycanlıları üçün istinad və cazibə mərkəzi, onların ümid və məhəbbətlə üz tutduqları müqəddəs məkandır. Buna görə də bütün azərbaycanlılar müstəqil dövlətimizin ətrafında daha sıx birləşməli, onun azad, firavan, daha da güclü və qüdrətli olması üçün əllərindən gələni etməlidirlər”.

Ulu Ondər Heydər Əliyev

İdeologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır. O, xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir; xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır

Azərbaycançılığın çağdaş dövlətçiliyə tətbiqi Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycan əhalisində dövlətçilik duyğusunu gücləndirdi, dövlətə hörmət hissi formalaşdırmağa nail oldu. Xüsusilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra o, Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtmaq üçün konsepsiyaların əsasını qoydu. Məhz H. Əliyevin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandı. Onun azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti çağdaş dünya inteqrasiyasında beynəlxalq diqqət mərkəzinə keçdi, sivil dövlət nümunəsi kimi həm Qərb, həm də Şərq aləmində qəbul olundu. Heydər Əliyevin neft strtegiyası – əsrin müqaviləsi, regionların iqtisadi inkişafı konsepsiyası, Azərbaycanın Avropa Şurasına qəbul olunması, ölkənin ərazi bütövlüyü uğrunda aparılan dönməz mübarizə – bütün bunlar məhz azərbaycançılıq ideologiyasına dayaqlanır, onu daxili və xarici siyasətimizin nəzəri-tarixi arsenalı kimi möhkəmləndirmək işinə xidmət edirdi. H. Əliyev özü azərbaycançılığın simvolu idi. Onun nitqlərində bütövlükdə Azərbaycan danışırdı. Bu gün də dövlətçiliyimizdə həmin tarixi-nəzəri ənənələr, iş üsulları ləyaqətlə qorunub saxlanılır. Fikrimizcə, Dünya Azərbaycanlılarının II Qurultayı azərbaycançılıq ideologiyasının təsdiqi və təntənəsi, onun yeni tarixi mərhələsinin başlanğıcı idi. Bu forum bütün dünyaya səpələnmiş 50 milyon azərbaycanlının bir araya gəlməsində azərbaycançılığın nəzəri-tarixi imkanlarını kifayət qədər əsaslı şəkildə nümayiş etdirdi.

Dünya azərbaycanlılarının konkret milli ideya ətrafında sıx birləşdirilməsi ideyasının irəli sürən ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə çalışmışdır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda tarixi bir toplantı – Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin I qurultaydakı dərin məzmunlu nitqində böyük həyəcanla söylədiyi lFəxr edirəm ki, mən azərbaycanlıyam!» sözləri sayı 50 milyonu ötmüş dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilmişdir. 2002-ci ilin dekabrında lXaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun qəbulu diasporumuzun təşkilatlanması, dünya azərbaycanlıları birliyinin yaranması və dövlətin bu sahədə apardığı məqsədyönlü siyasətin uğurla həyata keçirilməsinə nail olmaq üçün geniş imkanlar açmışdır.

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, millimənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.

Çoxəsrlik zəngin tarixə malik olan Azərbaycan öz inkişafının müxtəlif mərhələlərində dəfələrlə xarici istilaya məruz qalmış, onun torpaqları zəbt edilmiş və parçalanmış, dövlət müstəqilliyi və suverenliyi əlindən alınmışdır. Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri ilə Azərbaycan xalqı və onun tarixi torpaqları parçalanaraq Rusiya ilə İran dövlətləri arasında bölünmüşdür. Lakin dəfələrlə tarixi ədalətsizliyə məruz qalsa da, milli dövlət qururmu ləğv edilsə də, Azərbaycan xalqı müstəqillik yolunda öz mübarizəsini dayandırmamışdır. İyirminci yüzilliyin əvvəllərində yaranmış mürəkkəb tarixi şəraitdə müstəqilliyini bərpa etmək üçün xalqımız mühüm addımlar atmışdır. İmperiya zülmündən azad olan Quzey Azərbaycan 1918-ci il mayın 28-də dövlət müstəqilliyi qazanaraq öz tarixi ərazisində milli dövlət qurumunu – Azərbaycan Demokratik Cümhuriyyətini təşkil etdi. Çox keçmədən Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü yeni təcavüzə - bolşevik Rusiyasının silahlı müdaxiləsinə məruz qaldı. Beləliklə, qanuni hakimiyyət zorakılıqla devrildi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoyuldu. Demokratik qüvvələrin əksəriyyəti repressiyaya məruz qaldı, xalqın bir qismi isə mühacirət etməyə məcbur oldu.

Sovet imperiyası tərkibinə qatıldığı 70 il ərzində Azərbaycana qarşı müstəmləkəçilik siyasəti yeridilmiş, Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalmışdır. İmperiya siyasəti dünya azərbaycanlılarını bir-birindən təcrid etmək məqsədi ilə pantürkizm məfhumunu şərq aləmində təhlükəli bir ideya kimi təqdim edərək, dünyada və Sovetlər İttifaqında yaşayan türkdilli xalqlar arasında əlaqələrin məhdudlaşmasına, kəsilməsinə cəhd göstərmişdi. Bu siyasətin təzahürü kimi sərhəd çəpərləri Azərbaycan xalqını parçalamışdır. Bütün bunlara baxmayaraq azərbaycanlılar milli dövlət, milli və mənəvi bütövlük, müstəqillik uğrunda mübarizəni davam etdirmişlər.

XX əsrin sonlarında Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan və beynəlxalq hüququn subyekti olduqdan sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni bir tarixi mərhələ başlanmışdır. Zaman-zaman milli müstəqilliyindən zorla məhrum edilən xalqımız bu gün öz taleyinin sahibi olmuşdur. Eyni zamanda tarixin faciəli gedişatı nəticəsində illərdən bəri parçalanmış, bütün dünyaya səpələnmiş azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə imkan yaranmışdır.

Azərbaycan Respublikası müstəqil bir ölkə kimi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə gedir. Cəmiyyətimiz dünyada sınaqdan çıxmış və xalqımızın milli xüsusiyyətlərinə uyğun gələn demokratik prinsiplər əsasında formalaşır. Xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini yaşatmaq, inkişaf etdirmək və bütün dünyada təbliğ etmək bizim hər birimizin üzərinə düşən çox məsuliyyətli bir tarixi yükdür. Vətənimizdən kənarda on milyonlarla soydaşımız yaşayır. Azərbaycan Respublikası etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan bütün azərbaycanlıların vahid vətənidir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətən qarşısında övladlıq borcunu hiss etməli, respublikanın qayğıları, problemləri ilə yaşamalı, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında yalnız güclü, nüfuzlu və müstəqil Azərbaycan dövləti dayana bilər. Bu gün milyonlarla azərbaycanlı dünyanın müxtəlif ölkələrində toplumlar halında yaşayır. Onlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə, elmin, mədəniyyətin inkişafına töhfələr verməklə yanaşı, həm də Azərbaycan xalqının, millətimizin milli-mənəvi dəyərlərini, dilini özündə yaşatmalı, onun tarixi, mədəniyyəti, mütərəqqi ənənələri ilə fəxr etməlidir. Hər bir azərbaycanlı fəxr etməlidir ki, o yaşadığı ölkənin layiqli vətəndaşı olmaqla yanaşı, həm də Azərbaycanı, onun mədəniyyətini, milli xüsusiyyətlərini təmsil edir.

Bugün xalqımız əsrlərin sınağından çıxmış mütərəqqi milli xüsusiyyətlərini qoruyaraq, eyni zamanda sivil bəşəri dəyərləri mənimsəyir, ölkəmiz dünya xalqları ailəsinə daxil olur, qlobal iqtisadi, hüquqi, siyasi məkana inteqrasiya olunur. Azərbaycan dövlətinin beynəlxalq nüfuzu, iqtisadi, siyasi və mənəvi potensial sürətlə artmaqdadır. Hazırda bütün azərbaycanlıların vahid amal və ideya ətrafında birləşdirilməsi, soydaşlarımızla əlaqələrin gücləndirilməsi dövlət siyasəti səviyyəsinə qaldırılmış, bütün rəsmi və qeyri rəsmi strukturların diqqəti bu istiqamətə yönəldilmişdir.

Tarixdən məlumdur ki, mütərəqqi ideyalar olmadan insanları konkret məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyildir. Bütün ruhu və canı ilə özünü azərbaycanlı sayan və bununla fəxr edən, ümummilli lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada tətbiq etmişdir. Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə milliyyətcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir. Yəni, dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə baxmayaraq, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir həmvətənimizin bu torpaq üçün sahiblik və məsuliyyət hissi yaşaması milli həmrəyliyin bariz təzahürüdür. Azərbaycançılıq ideologiyası bu gün, ilk növbədə, etnik-dini tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir.

Respublikamızın sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri, inkişafı Azərbaycan modelinin mahiyyətinin dünya miqyasında təbliğ olunması beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından da olduqca vacibdir. Azərbaycanın zəngin təbii resurslara, habelə Şərqlə Qərbi qovuşduran əlverişli tranzit imkanlarına malik olması, qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi iştirak etməsi, eləcə də balanslaşdırılmış xarici siyasət yeritməsi onun dünyanın siyasi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə əlaqələrinin genişlənməsinə imkanlar açır. Qlobal iqtisadi layihələrin uğurla həyata keçirilməsi təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Azərbaycan üçün son dərəcə faydalıdır.

Prezident İlham Əliyev haqlı olaraq hesab edir ki, sosial-iqtisadi sahədəki uğurlar xaricdə yaşayan soydaşlarımızın müstəqil respublikamızla bağlı dolğun və hərtərəfli təbliğat aparması, habelə Azərbaycana investisiya qoyuluşunu təşviq etməsi baxımından daim istinad ediləcək zəngin "informasiya bankı” rolunu oynayır.

XXI əsr Azərbaycançılıq azərbaycanşünaslığın, Azərbaycan dövlətçiliyi isə azərbaycançılığın tərkib hissəsidir. Dövlət insan və cəmiyyət arasında münasibətin ifadə formasıdır.

Cəmiyyət ümumi maraq əsasında birləşmiş insanların toplumudur, fəqət cəmiyyətdə ümumi maraqla fərdi maraq arasında ziddiyyət labüddür. Cəmiyyətin taleyi bu iki marağın harmoniyasından asılıdır. Bu mənada dövlət cəmiyyətdə daxili qayda yaradan və xarici təhlükəsizliyi təmin edən ali siyasi hakimiyyət orqanıdır.Azərbaycançılıq imperiyaçılığa qarşı müqavimətdə formalaşan istiqlal ideologiyasıdır.

Azərbaycanın suverenliyi milli prinsipə əsaslanır, azərbaycançılıqda həm də onun ideoloji prinsipləri təsbit olunur. O, qlobal siyasət üçün nəzəri bazadır, çünki, dövlətlərə və xalqlara yeni ictimai sahman və təfəkkür koordinatları diqtə edir.

Bugün Azərbaycan xalqı həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanır. Xalqımız bəşər sivilizasiyasının inkişafına verdiyi dəyərli töhfələr ilə haqlı olaraq fəxr edir.

Tarix boyu Azərbaycan xalqının istedad və zəkasının gücü ilə qurulmuş qüdrətli dövlətlərin ənənələri bu gün də yaşayır və inkişaf edir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Respublikası siyasi, iqtisadi və hərbi gücünü, mədəni zənginliyini durmadan artıran, gələcəyə inamla baxan bir dövlətdir. Bu dövlət dünya azərbaycanlılarının tarixi Vətəni, ümid və istinad yeridir.

 

 

 

 

Rövşən Əvəzoğlu

Müstəqil araşdırmaçı