XƏBƏR AXIŞI

Azərbaycan Turizm və Menecment Universiteti ilə “PASHA Travel” arasında anlaşma memorandumu imzalanıb

  • 40 nəfər oxuyub

Yanvarın 11-də Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə "PASHA Travel” turizm şirkəti arasında anlaşma memorandumu imzalanıb.

7News.az xəbər verir ki, sənədi ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov və "PASHA Travel”in əməliyyatlar üzrə baş direktoru Florian Zenqsşmit imzalayıblar.

Bu münasibətlə "PASHA Travel”in ofisində keçirilən tədbirdə E.Aslanov şirkətin ölkəmizi ziyarət edən turistlərə daha keyfiyyətli xidmət göstərmək üçün akkreditasiyadan keçmiş bələdçilərlə çalışmaq təşəbbüsünü yüksək dəyərləndirib. Bildirilib ki, Azərbaycanda turizm bələdçilərinin akkreditasiyasını təşkil edən ATMU tərəfindən "PASHA Travel”in tələblərinə uyğun, dünya standartlarına cavab verən sillabus hazırlanıb. Müvafiq təlimin iştirakçıları əsasən fəaliyyət göstərən bələdçilər olduqlarına görə proqram nəzəri biliklərə yönəlib. Coğrafiya, ilkin tibbi yardım, müasir həyat, mədəniyyət və incəsənət, kulinar turizm, tematik turların dizaynı, bələdçi texniki peşə bilikləri, etnoqrafiya kimi fənlərin mündəricatı müasir standartlara və müasir turistin tələblərinə uyğun formalaşdırılıb və tədris üçün hazırlanıb.

E.Aslanov diqqətə çatdırıb ki, ölkəmizdə turizm bələdçiliyi sahəsində 2008-ci ildən ATMU-nun Təlim Mərkəzi tərəfindən Bakı ilə yanaşı, turizm potensialının yüksək olduğu bölgələrdə də kurslar təşkil edilir. Bu günədək ATMU-nun dəstəyi ilə bu kursları uğurla başa vuran 57 nəfər Mədəniyyət və Turizm Nazirliyinin Turizm Bələdçilərinin Akkreditasiya Komissiyasından keçməklə müvafiq bələdçi kartlarını alıblar. Hazırda ATMU tərəfindən ayrı-ayrı şirkətlər, qeyri-hökumət təşkilatları və fərdlərin müraciəti əsasında üç qrupda cəmi 60 nəfər ərəb, ingilis, polyak, yapon, rus, fars və digər dillərdə bələdçi kurslarında iştirak edir.

Sənədin əhəmiyyətini vurğulayan F.Senqsşmit qeyd edib ki, "PASHA Travel” ATMU ilə birgə "Bakıda mənə bələdçilik et” (Guide me in Baku) layihəsinə başlayır. Layihənin məqsədi ölkəsini sevən və xarici dilləri bilən gəncləri turizm sahəsinə cəlb etməkdir. Bu istiqamətdə ATMU-nun zəngin təcrübəyə malik olduğunu deyən F.Zenqsşimit diqqətə çatdırıb ki, turizm Azərbaycanda sürətlə inkişaf edən və böyük potensiala malik sahədir.//azertac

 

7News.az