XƏBƏR AXIŞI

Azərbaycan-İsrail hərbi əməkdaşlığı Ermənistanı qorxuya salıb

  • 189 nəfər oxuyub
İbrahim Rüstəmli: "Əlaqələrin yüksələn xətlə inkişafı Azərbaycana ilk növbədə zəngin hərbi təcrübə, strateji və taktiki üstünlük vəd edir” Üzeyir Cəfərov: "İsrailin baş nazirinin Bakıya səfərindən hər iki tərəf faydalanacaq”
Məlumdur ki, İsrail Azərbaycanın hərbi sahədə də mühüm tərəfdaşlarından biridir. O baxımdan İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri fonunda fikirlər səslənir ki, iki ölkə arasında xüsusən hərbi sahədə əməkdaşlıq daha da genişlənəcək. Bu xüsusda Azərbaycan PRezidenti İlham Əliyev  maraqlə məqamları açıqlayıb: "Biz, həmçinin müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edirik və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq. Bizim münasibətlərimiz çox geniş, şaxələnmiş münasibətlərdir, bir çox sahələri əhatə edir. Mən onlardan bəzilərini qeyd etdim. Əminəm ki, cənab baş nazirin səfəri bizə yeni əməkdaşlıq sahələrini müəyyən etməyə imkan verəcək. Biz çox yaxın dostluq münasibətləri qurmuşuq və baş nazirin səfəri bunun yaxşı göstəricisidir". Göznəilir ki, hərbi əməkdaşlıq bundan sonar daha da genişlənsin. 

Ehtiyatla olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, Azərbaycan–İsrail əlaqələri həmişə yüksək səviyyədə olub: "Bu əlaqələrdən Azərbaycan nəinki ziyan çəkməyib, əksinə, bir sıra strateji sahələrdə yetərincə bəhrələnib. İsrail praktiki olaraq, təcrübə qazanmaq və öyrənmək baxımından Azərbaycan üçün ən etibarlı müttəfiqlərdən sayılır. Bu ölkədə bizdən ötrü  yararlı ola biləcək kifayət qədər maraqlı və səmərəli nümunələr var. 
İsraili həm də Azərbaycan üçün açıq ölkələrdən biri kimi dəyərləndirilməlidir. O üzdən  baş nazir Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri fonunda  iki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın daha da genişlənəcəyi qənaətindəyəm. Əlaqələrin yüksələn xətlə inkişafı isə Azərbaycana ilk növbədə zəngin hərbi təcrübə, strateji və taktiki üstünlük vəd edir”.
Ekspert əlavə etdi ki, Azərbaycan–İsrail əlaqələrinin müzakirəsinə Ermənistanı qatılmamalıdır: "Çünki, Ermənistan müstəqil mövqeyi və siyasi xətti olan bir dövlət deyil. Burada isə söhbət daha ciddi məsələlərdən gedir. Əlbəttə, ermənilərin bu əlaqələrdən əndişələnəcəyi şübhə doğurmur. Amma gəlin bir faktı unutmayaq ki, Azərbaycan–İsrail əlaqələrinin genişlənməsindən Ermənistandan da çox narahat olan xeyli ölkə var”.
Hərbi məsələlər üzrə digər ekspert Üzeyir Cəfərov İsrailin çox güclü hərbi sənaye kompleksinə malik ölkə olduğunu bildirdi: "Ona görə də İsrailin baş nazirinin Bakıya səfərindən hər iki tərəf faydalanacaq. Azərbaycanla İsrail arasında yeni müqavilələr imzalanacaq. Hansı ki, əvvələr də bunun müzakirəsi gedirdi. İsrail Azərbaycana ən modern silah-sursatın satılmasında maraqlıdır. Eyni zamanda Azərbaycan ilə hərbi sənaye kompleksində müştərək işlərin görülməsində maraqlıdır. Yəqin ki, Azərbaycan bundan yararlanacaq. 
Azərbaycananın təhlükəsizliyi üçün lazım olan avadanlıqlar İsraildən alınacaq. Bütün qısqanclıqlara, etirazlara baxmayaraq, Azərbaycan sərbəst şəkildə siyasətini davam etdirməlidir. Bu əməkdaşlığın hər iki ölkə üçün böyük faydası olacaq. Ümumiyyətlə, İsrail ilə bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Hərbi əlaqələr isə son zamanlar daha yeni mərhələyə keçib. Aprel hadisələrindən sonra bir sıra ölkələrlə, o cümlədən İsrail ilə Azərbaycanın əməkdaşlıq konturları cızılıb. Yəqin ki, yaxın zamanlarda İsraildən daha modern silah-sursat, müasir avadanlıqları ölkəmiz üçün əldə edəcəyik”. 
Ermənistanın "lragir” saytı yazır ki, Bakıda Azərbaycan və İsrailin hərbi-texniki sahədə ciddi razılaşmalar əldə edilməsi şübhəsizdir: "Bu, Ermənistanın ciddi güc qarşısında zəif qalacağı deməkdir. İsrailin Azərbaycanla yaxınlaşması İranın ondan uzaqlaşmasına səbəb ola bilər. Bu Ermənistanın İranla münasibətləri inhisara almasına imkan yarada bilər. Lakin bu "inhisarçılıq” İsrailin Azərbaycanla hərbi əməkdaşlığı fonunda çox zəifdir. Əgər Bakıda iki ölkə hərbi-texniki əlaqələri daha da genişləndirsələr, bu, Ermənistana ciddi təhlükə yaradır. Aprel döyüşlərində Azərbaycan ordusunun hərbi-texniki üstünlüyü də İsraillə hərbi əməkdaşlığın bəhrəsi idi”./movqe.az

7News.Az