Ayten Abdullayevanın “CARO” adlı fərdi sərgisi baş tutdu – FOTOLAR

Ayten Abdullayevanın “CARO” adlı fərdi sərgisi baş tutdu – FOTOLAR

7NEWS.az xəbər verir ki, 02 iyun 2017 tarixində Muasir İncəsənət Mərkəzində tanınmış rəssam Aytən Abdullayevanın "CARO” adlı fərdi sərgisi baş tutub. Tədbirdə tanınmış rəssamlar, vətəndaş cəmiyyətinin üzvləri, media nümayəndələri iştirak edirdilər. Çıxış edənlər Aytən Abdullayevanın fərqli zövqə və istedaa malik olduğunu qeyd etdilər. Ümumilikdə isə rəssamın yaradıcılığı aşağıdakı kimi ifadə olunur.

«Medalın iki tərəfi vardır» ifadəsini həyatda bir çox mücərrəd məfhumlara aid etmək olar: həqiqət, ədalət, inam, dostluq, sevgi və hətta aclığa belə. Qəssab dükanının önündə bağlanılmış heyvana qarşı bizim keçirtdiyimiz mərhəmət hissi bol süfrə arxasında ikinci plana çəkilir. Bir tərəfdən heyfslənirik, digər tərəfdən isə ləzzətli və təamlı ət yeməklərindən uzaq dura bilmirik. Paradoksdur, eləmi?

Gənc rəssam Ayten Abdullayevanın işləri bizi həyatın çılpaq həqiqəti ilə üz-üzə qoyur.

Rəsmlər ilk təəssüratdan tamaşaçılarda təəccüb doğurur və onları yüngül şoka salır. Çox hallarda bunun səbəbi adı çəkilən mövzunun qeyri-adi olmasındadır. Doğranılmış cəmdək, içalat, qan - hazırlıqsız göz üçün bu cür mənzərələri dərhal qəbul etmək asan deyil. Lakin əminliklə onu deyə bilərəm ki, müəllifi qeyri-səmimilikdə qınamaq qətiyyən olmaz.

Bu kateqoriyaya daxil olan hər bir əsər izləyicinin yaxasından yapışaraq onu həyatın bir çoxumuzun göz yumduğumuz həqiqətinə qərq edir. Bu, bizim üz-üzə gəlmək istədiyimiz həqiqət deyil. Dərindən düşünsək, kiminsə bu işlərə mənfi yanaşmasının yeganə səbəbi bu ola bilər.

Ətin və kəsilmiş heyvanların təsviri bir çox rəssamın sevimli mövzusu olub, incəsənətdə bu mövzuya tez-tez rast gəlmək olar. Məsələn, Piter Artsenin «Ət dükanı» (1551-ci il), Rembrandtın «Buzovunun cəmdəyi» (1655-ci il), Xaim Sutinin (1893-1943) 9 «Cəmdəyi», Frensin Bekonun «Ət ilə fiqur» (1954-cü il). Yəqin bu, ətin bədii obrazının öz-özlüyündə qeyri-adi və məcazi olmasından irəli gəlir, çünki ət eyni zamanda bolluq və ölüm simvolunun təcəssümüdür. Tədqiqatçılar bu cür rəsmləri maddi bolluğun və rifahın tərifi, həm bədii məsələlərin həll edilməsi (buna zənn yaradan məhz ətin teksturasıdır), həm də o dövrün əşya və insanlarının mahiyyətinin açılma tendensiyasına bağlayırdılar.

Xarici müəlliflərdən fərqli olaraq, Aytenin işləri özlüyündə milli ruh daşıyır - bunlar hər bir azərbaycanlının gündəlik həyatında rast gəldiyi mənzərədir... Qızmar yay günü, eyvanların geniş pəncərələrindən parlaq günəş işığı görünür, evlərin pəncərələrindən qızardılmış xörəklərin ləzzətli qoxusu yayılır, döşənmiş küçələrdə uşaqların cingiltili gülüşü səslənir, gülərüz evdar qadınlar bir-birilərini təmiz və geniş qapılardan səsləyirlər, məhəllənin tinində isə ucaboylu, qaraqabaq qəssab təzə və dadlı tikələri axşam düşənə qədər satılacaq təzə kəsilmiş quzunu doğrayır... Rəsmlərin hər biri uşaqlığın ən gənc illərindən bizə çox tanış olan mühiti daşıyır.

Bu haqda rəssamın dedikləri:

«Ət və qəssab mövzularına çox xarici rəssamlar müraciət ediblər, lakin bizdə buna nadir hallarda rast gəlmək olar. Çox vaxt insanlar mənim ət və qəssab mövzusu daşıyan əsərlərimə mənfi yanaşırlar. Mənə çox maraqlıdır ki, eyni zamanda ətin kəsilmə prosesini dəhşətli qəbul etmək, sonra isə həmin əti iştahla yemək nə cür mümkündür. Axı istənilən xörəyin süfrəyə necə gəldiyi hamıya məlumdur. Qədim zamanlarda ənənəyə uyğun olaraq yemək hazırlamaq üçün ərazinin bütün sakinləri bir yerə toplaşırdılar. Kişilər peşəkarcasına cəmdəkləri doğrayır, hətta balaca uşaqlar bu mənzərəni seyr edirdilər. Çünki həmin balacalar gələcəkdə toy və yaslarda heyvan kəsimi ilə məşğul olacaqdılar. Bu rəsmlərimlə adi insanların gündəlik həyatını göstərməyə çalışıram».

Ayten tədbirlərdə heyvan kəsməyi təsadüfi şəkildə xatırlatmır. Dini qurban kəsmə prosesi azərbaycanlılar arasında çox yayılıb. Bu, əsasən də Qurban bayramı ərəfəsində baş verir.

Həm də Azərbaycan mətbəxi qırmızı ət, xüsusilə qoyun ətindən hazırlanmış xörəklərlə zəngindir. Tarixən Azərbaycan heyvandarlığın məskənı hesab edilir və burada əsrlər boyu iri və xırda buynuzlu mal-qaranın yetişdirilməsi inkişaf edilib. Heyvanları ağrıları maksimum şəkildə azalda bilən xüsusi üsulla kəsirlər və bu, əlbəttə ki, sallaqxanalardan supermarketlərə gətirilən ət ilə heç cür müqayisə edilməzdir.

Sonda onu deyə bilərəm ki, «CARO» adət etdiyimiz bədii əsərlər arasında tamaşaçıya yeni nəfəs verəcəkdir. İstər təəccüb, istər çaşqınlıq, məmnuniyyət və ya anlayış hissi gətirərək o, heç kəsi biganə qoymayacaqdır. Bu əsərlərdə hər kəs yalnız onun üçün nəzərdə tutulmuş ismarıc tutacaq. Və əgər rəssamın işləri insanlara dərin hiss yaşatmağa qadirdirsə, deməli onun əməyi əbəs yerə sərf olunmayıb.





























 

Xəbər lenti