XƏBƏR AXIŞI

26 Bakı komissarlarını son dəfə görən şahid: - "Əslində onlar 27 nəfər idilər"

  • 1964 nəfər oxuyub

Qızılsu Respublikası bu gün yoxdur. Bir çox digər yeni dövlət qurumları kimi o da inqilabda əriyib itdi. Bugün onun ərazisi dirçəlişinə görə Qızılsudan heç də seçilməyən Tacikistan Sovet Respublikasının tərkibinə daxildir. Olaylarla zəngin həmin dövrün əksər respublikaları indi unudulub, heç kim daha onların keçmiş tərəqqi və şan-şöhrətini yada salmır. Qızılsu Respublikası isə, əksinə, unudulmadı.

İldə bir dəfə SSRİ-nin bütün guşələrində Qızılsu Respublikası öz unutqanlığından oyadılır və yenidən bir il unudulmaq üçün təntənəli şəkildə lənətlənir. SSRİ-də hər fəhlə, hər həmkarlar işçisi, hər bir partiya üzvü Qızılsu Respublikasını (rusca: Krasnovodsk) yaxşı tanıyır, "Qızılsu sosialistlərinin cinayəti”nə bələddir, Marks uğrunda döyüşən və öz sonlarını Qızıl Çölün qumlarında tapan 26-ların qanlı hekayətini bilir. Həmin 26-ların bugün qisası alınıb, onlara abidələr ucaldılıb, onların əvəzinə minlərlə adam Qızılsuda və Bakıda qətlə yetirilib, onlardan hər biri özünə bioqrafçı və "qırmızı qəhrəman və şəhidlər”in məqbərəsində şərəfli yer qazanıb.

Knyaz Alanianın duyumlu burnu həmin isti qış günündə 26-ların iyini alanda mən Qızılsuda idim. Birinci adam idim ki, onların gəlişini mənə xəbər vermişdilər və 26 tüfəng atəşi bütün inqilabların ən böyüyünün tarixinin bir parçasının altına qanlı xətt çəkdiyi səhradakı həmin soyuq gecəni yaxşı xatırlayıram.

Həmin hadisəni həyatda qalmış bəlkə də yeganə tərəfsiz adam kimi burda söyləmək istəyirəm:

Oxucunun bildiyi kimi, 1918-ci ilin martında erməni və Qafqaz kommunistləri qəddar qan selindən sonra Azərbaycanda hakimiyyəti ələ keçirdilər. Həmin 26-lar Stalinin 1907-1908-ci illərdə bütün Qafqazı terrorizə edən məşhur dəstəsinin üzvləri, Cənubi Qafqazın aktivistləri idilər. Əslində onlar 27 idilər, 27-incisi, erməni Mikoyan təsadüf nəticəsində salamat qaldı və sonralar Ermənistanın diktatoru və Qafqaz Çekasının rəhbəri oldu.

Alman-türk qoşunları Azərbaycana girəndə vur-tut 100 min fəhlənin gücünə söykənən kommunist hökuməti Bakıda gizləndi. Cənubi Qafqazın ackivistləri, Stalinlə Leninin ən yaxın dostları və məsləkdaşları özlərinin pis fəhlə rəhbərləri olduqlarını biruzə verdilər. Leninin "Bakı proletariatına” çağırışının, Moskva hökumətinin "Şərqin ilk Soveti”nə göndərdiyi salamların xeyri olmadı, fəhlələr "Şərqin xilaskarları”ndan  - rəsmi sənədlərdə 26-lara verilən ad belə idi - üz döndərdilər. Bakı alman-türk qoşunları tərəfindən əhatə ediləndə mühasirədəki şəhərin ortasında həmkarların kommunistlərə qarşı üsyanı başladı. Mühasirədən qorxuya düşən 26 rəhbər öz təəssübkeşlərini darda qoyub onları Rusiyaya aparmalı olan bir gəmiylə qaçdılar. İndi rəsmən belə deyilir ki, dünya proletariatının naminə onlar özlərini təhlükəsizliyə qovuşdurmaq istəyiblər, gündəlik danışıqda bunu o vaxt fərarilik adlandırırdılar.

İçində kommunist hökumətin olduğu gəmi yola çıxdı, 26-lar İnternasionalı oxuyub matroslara əmr etdilər ki, Volqanın mənsəbinə kurs götürsünlər. Sovet hökumətinin özəyini təşkil edən qırmızı matroslar isə hökumətin əmrinə tabe olmaqdan qəflətən boyun qaçırdılar. Onlar şimala, böyük Sovet məmləkətinə qayıtmaq istəmirdilər, qan sızan, acından ölən, qətllər törədən Volqa Sovetlərinə öz yardımlarını təklif etmək istəmirdilər. Kirayə gəmisinin qaranlıq kabinələrində dona-dona, titrəyə-titrəyə büzüşərək öz talelərinə doğru irəliləyən 26-lar üçün bu qərar ölüm hökmü idi. Çünki Azərbaycan sahillərindən, Volqanın mənsəbindən başqa yalnız iki sahil qalırdı: İngilislərin zəbt etdiyi İran sahilləri və Qızılsuyun qumlu limanı.

O vaxt, 1918-ci ildə ingilislər hər yerdə, xüsusilə də öz müstəmləkələrində kommunistlərin açıq düş mənləri idilər, özəlliklə də əgər o kommunistlər şərq tayfalarından hansınasa mənsub idisə. Rəhmə, yaxud əsirliyə ümid ediləsi deyildi. Rusiyaya yerli-köklü getmək istəməsələr də, ən azı Qızılsu limanını seçmək məsələsində matrosları dilə tutmaq üçün marksizmin bütün dialektikası tətbiq edildi, kommunist hökumətin məzəli məlumatsızlığı ucbatından onlar gözləyirdilər ki, bu liman 26-ların gəlişinə xüsusi diqqət yetirməyəcək. Matroslar ipə-sapa yatdılar; axı onlar mübariz marksizmin düşmənləri deyildilər, sadəcə olaraq Volqaya üzmək istəmirdilər.

Qızılsuya getməyə hazır idilər, qaçan marksistləri hətta öz himayələrinə də götürdülər. 26-lar xəstə çarpayılarına uzadıldılar, sarğıya vuruldular və gəminin siyahısına yaralı matroslar kimi daxil edildilər. Gəmi qırmızı suyun niskilli paytaxtına kurs götürdü. Qızılsu Respublikasında amirlik hökmünə sahib bircə kişi vardı, o da polis komissarı knyaz Alania idi, özünün incə duyumlu burnunu könüllü olaraq illərdən bəri kriminalistikanın ixtiyarına tapşırmış gürcü. Bu polis komissarı kommunistlərə üç səbəbdən nifrət edirdi: birincisi – sol social demokrat kimi, ikincisi - knyaz kimi, üçüncüsü – "azadlıq mübarizəsinə xəyanət”i öz kommunist həmvətənlərinə bağışlaya bilməyən gürcü kimi. Qəribədir ki, Azərbaycanı Qızılsudan iyirmi dörd saatlıq yolun ayırmasına baxmayaraq Alanianın, ad çıxarmış Alanianın qırmızı suyun məmləkətində polis komissarı olduğundan kommunistlərin xəbəri yox imiş.

Neft daşıyan gəmi sahil adasının arxasında görünəndə biz - knyaz Alania və mən - dəniz kənarında dayanmışdıq.

- Azərbaycan gəmisi, - Alania dilləndi.

Limana yollandıq, burda o, respublikanın gömrük və sahil qaraul xidmətinin ilkin mexanizmlərini işə saldı. Əvvəlcə fikirləşdim ki, gəmidə kommunist şəhərindən qaçqın olar - həmkarların dövlət çevrilişindən hələlik heç kimin xəbəri yox idi - və təklif etdim ki, rast gələcəyimə ümid bəslədiyim yerlilərimdən alman-kommunist savaş meydanı barədə son xəbəri almaq üçün əvvəlcə gəmiyə qalxaq. Alania məni müşayət etdi. Nə qədər heyrətlənsək də, gəmidə bircə nəfər qaçqın da tapmadıq. Bizi qarşılayan matroslar izah etdilər ki, onlar özləri də yaralı yoldaşları ilə birlikdə kommunistlərin üzündən Bakıdan qaçıblar və hələlik, yaralılar sağalana qədər, limanda qalmaq istəyirlər. Sonra onlar gözlərinə qədər sarınmış döyüş dostlarını bizə göstərdilər. Azərbaycandakı döyüşlərin gedişindən dəqiq heç nə bilmədiklərini dedilər. Əlavə sual vermədən biz gəmini tərk etdik.

Sahildə mən sağollaşmaq istəyəndə knyaz təbəssümlə mənə baxıb dedi:

- Bilirsiz gəmidəkilər kimdir? Azərbaycanın kommunist hökuməti!

Gəminin gəlişindən iki saat sonra respublikanın bütün hərbi qüdrəti sahildə göründü. Gəmi axtarıldı, "yaralı yoldaşlar”ın sarğıları qoparıldı, 26-lar qandalda özlərinin son sığınacaq yuvalarını tərk etməli oldular. Mən onların aparılmasını gördüm, onları Qızılsuda dövlət həbsxanası adlanan iyli yuvaya qədər ötürdüm. Qapı arxalarınca bağlananda hasarın yanında dayanıb qulaq verdim; birdən küt səslər eşitdim. Zərbələr amansızcasına bir-birini əvəz edirdi, tüfəngin ağır qundağının qorxunc həmlələri ara vermək bilmirdi; sonra əzişdirilənlərin əvvəlcə asta, axırda da güclənən ağlartı, qışqırtı və nəriltilərini eşitdim.

İlk istintaq başladı.

Üç saatdan sonra mən Alaniaya rast gəldim, o gülümsəyib əllərini ovuşdurdu.

- Kommunistlərin axırı necə olacaq? - soruşdum.

- Hələ bəlli deyil, - cavab verdi, - bəlkə dövlət hesabına dəfn.

Axşam məlum oldu ki, yerli hökumət qaçqın hökuməti ölkənin içərilərinə göndərmək və imkan düşdükdə onları ingilislərə, yaxud elə ruslara təhvil vermək qərarına gəlib. Amma nəsə ayrı cür alındı.

Gecədən xeyli keçmiş biz özümüzün kino-mənzilimizdə yatanda qapı döyüldü. Knyaz Alania içəri daxil oldu. Üzündən ciddilik və razılıq yağırdı.

- Siz də getmək istəyirsinizmi? - Soruşdu.

- Haraya?

- Çölə; hamımız gedirik, hökumət, əlli əsgər və mən.

- Çöldə neyləyəsiyik ki?

Alanianın üzünə təmtəraq çökdü, əyilib alçaqdan dedi:

- 26-lar bugün edam ediləcək. Siz axı iştirak etmək istəyirdiniz!?

Atam yerindən sıçradı.

- Ağlınızı itirmisiz?! - Bağırdı, göndərin rədd olsunlar Rusiyaya, bundan sonra onların bizə nə qarışacağı?

Alania çiyinlərini çəkdi, amma mərifətini itirmədi.

- Onların qanını içərəm; düşünürdüm ki, bu işi yaxşı qarşılayacaq ilk adam Siz olarsınız. 26-lar ölümü yüz kərə qazanıblar.

Getdi. Təbii ki, mən təzədən yuxuya gedə bilmədim. Ürəyimdə atamı qınadım, çünki 26-lar azərbaycanlıları qan gölündə çimizdirənlərin baniləri idilər. O vaxt mən öldürmək istəməməyi zəiflik sanırdım. Yalnız sonralar öyrəndim ki, öldürmək-öldürməmək nə güclülükdür, nə də zəiflik. Əksər insanlar üçün o, adicə bədən hərəkəti, bir qismi üçün ağır yerinə yetirilən bir iş və yalnız müstəsna hallarda kimin üçünsə mümkün olmayan bir şeydir. Mən o vaxt hələ çox gənc idim və hələ heç vaxt edam görməmişdim. Sonralar onlarcasını gördüm. O vaxt isə hələ həvəsli idim. Atamdan xəbərsiz pəncərədən sivişib həbsxanaya qaçdım. Vaxtında da yetişdim. Müttəhimlər - öz müttəhimliklərini güman edənlər - çölə çıxarılırdı. Bir-birilərinin ardınca. İki yerli yaraqlının arasında, əlləri qandalda. Çoxunun rəngi qaçmışdı, ancaq sakit görünürdülər; Şərqdə bu cür gecə daşınışının nə demək olduğunu bilmək üçün onlar lazım olandan da çox hökmran olmuşdular. Yalnız biri - o mənim qohumlarımdan idi - getmək istəmirdi, əsgərlər onun yaxasından yapışıb kəli sallaqxanaya sürüyən kimi sürütlədilər. Hər üç addımdan bir o dayanıb durur, yeknəsək, dalğın və küt-küt deyirdi:

- İstəmirəm, istəmirəm, istəmirəm.

Bu kirmiş sözlər, onların əzablı, qeyri-insani, az qala heyvani sədaları bugün də qulaqlarımdan getmir.

Mən çölə getmədim. Həvəsim qalmamışdı. Sonradan öyrəndim ki, 26-lar səhra qumunda özləri öz qəbirlərini qazıblar və dalbadal güllələnib oraya atılıblar.

Səhər açılana qədər şəhərin küçələrində vurnuxdum. Gün çıxanda Alanianın evinin qabağını kəsdirdim. Otağındakı çıraq hələ də sönməmişdi, o özü masanın arxasında oturub yazırdı. Pəncərəni döydüm.

- Kimə yazırsınız, knyaz?

- Körpəcə nişanlıma. İrandadır, gəlsin bura; bacardıqca bu yaxınlarda toy etmək istəyirəm. - Birdən dərindən köks ötürüb əlavə etdi. - Dünyanın ən gözəl qızıdır, boydan balaca və zərif. Görəsən, məni hələ də sevirmi?

Toy baş tutmadı.

Knyaz Alania bugün ölülər sırasındadır. İki il sonra Dağıstanda təsadüfən kommunist olan yabanı dağlı tayfaların əlinə keçir. Qarnını yarıb içinə qum və daş doldururlar, sonra da tikirlər.

26-ların ölümü ilə əlaqəsi olanların hamısı, hətta gəminin matrosları da ölülər cərgəsinə qatılıblar. Eləcə də onların qardaşları, kuzenləri və dostları. Onların hamısı inqilab azarından öldü. Sonralar şimaldan axıb gəlmiş qızıl ordunun güllələrindən.

Onlar da 26-lar kimi qumda uyuyurlar.  

P.S. Bu yazı mühacir yazıçımız Məhəmməd Əsəd Bəyin "Şərqdə neft və qan” adlı əsərindən götürülmüşdür.

7News.Az