10 yaşlı Nurayla bağlı – SON QƏRAR

10 yaşlı Nurayla bağlı – SON QƏRAR
Ədliyyə Nazirliyinin əməkdaşları Quba rayonunda 10 yaşlı Nuray Bayramzadənin xalasından alınaraq atasına verilməsi prosesində iştirak edən rayon icra şöbəsinin icra məmurlarından izahat alıb.

7News.az xəbər verir ki, N.Bayramzadə ilə bağlı Ədliyyə Nazirliyində daxili tədqiqat davam etdirilir. Nazirliyin əməkdaşları prosesdə iştirak edən icraçıları dindirib, onlardan izahatlar alıb.

Xatırladaq ki, ötən həftə Ədliyyə Nazirliyi Quba Rayon Məhkəməsində baş verənlərlə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan Nuray Bayramzadənin xalasından alınaraq atası Ə.Bayramova verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası prosesini əks etdirən video-süjet yayımlanıb.

Uşağın anası 2010-cu ildə vəfat etdikdən sonra onu öz qəyyumluğuna götürən xalası M.Eldarova və nənəsi F.Xudaverdiyeva Nurayı atasına verməkdən yayınıb. 

Bununla əlaqədar Ə.Bayramov 2012-ci ildə Quba Rayon Məhkəməsində iddia qaldırıb və məhkəmənin qətnaməsinə əsasən uşağın atasına verilməsi qərara alınıb, həmin qətnamə həmçinin apelyasiya və Ali məhkəmələrin qərarları ilə qüvvədə saxlanılıb.

Bununla yanaşı, M.Eldarovanın uşağın atasının valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmədə qaldırdığı iddiası isə əsassız olduğundan heç bir instansiya məhkəməsi tərəfindən təmin olunmayıb.

Bundan sonra uşağın atasına verilməsi barədə qanuni qüvvəyə minmiş qətnamənin icrası üzrə tədbirlər həyata keçirilərkən qarşı tərəfə edilmiş xəbərdarlıqlara, profilaktik söhbətlərə və izahlara baxmayaraq onlar məhkəmə qətnaməsini könüllü icra etməyib, icradan qərəzli yayınıb, N.Bayramzadənin yerini gizli saxlayıblar. 

Bununla əlaqədar icra məmuru tərəfindən müvafiq qərar qəbul edilərək uşağın və cavabdehlərin axtarılması üzrə tədbirlər görülüb.

Axtarış tədbirləri nəticəsində uşağın yeri müəyyən olunaraq icra 07.12.2016-cı il tarixə təyin edilib. İcra prosesində qanunvericiliyə uyğun olaraq hər iki tərəfin, eləcə də rayon icra hakimiyyətinin, təhsil şöbəsinin qəyyumluq və himayəçilik orqanının nümayəndələri, polis əməkdaşları, psixiatr, məsləhətçi-psixoloq iştirak ediblər.

Video-çəkilişdən göründüyü kimi, icra prosesində mübahisə uşağın atası və qarşı tərəf arasında yaranıb. 

O da bildirilir ki, icra prosesi başa çatdıqdan və tərəflər icra qurumunu tərk etdikdən dərhal sonra uşaq atası Ə.Bayramovdan zorla alınaraq xalasına qaytarılmış və həmin vaxtdan onunladır. Bu fakt hazırda Quba rayon polis şöbəsində araşdırılır.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyində xidməti yoxlama aparılır və nəticəsi üzrə qanuna müvafiq tədbirlər görüləcək.//big.az
 
7News.az

Xəbər lenti